AZ

Ultra aşağı Yer orbiti qlobal fəlakətlə təhdid olunur

Peyklər və kosmik tullantılar Yerə yaxın aşağı orbitdə getdikcə daha sıx toplanır. 

Hit.az xəbər verir ki, futurism.com saytının yazdığına görə, bu barədə alimlər xəbərdarlıq edir.

Qeyd olunur ki, bu region qəfil şəkildə fırlanan dağıdıcı qırıntılar burulğanına çevrilə bilər. Belə bir mühit ora qalxmağa cəhd edən istənilən kosmik aparat üçün ciddi təhlükə yaradacaq.

Alimlər qrupunun araşdırması NASA-dan Donald Kesslerin irəli sürdüyü nəzəri ssenarini təhlil edir. Bu ssenariyə görə, peyklər arasında cəmi bir neçə təsadüfi toqquşma qısa müddətdə qapalı dövrə çevrilə bilər: yaranan qırıntılar yeni toqquşmalara, onlar isə daha çox tullantıya səbəb olar. Ən pis halda, təhlükəli qalıqlar burulğanı insanları planetdə “kilidləyə” və kosmik uçuşları onilliklərlə gecikdirə bilər.

Aşağı Yer orbitinə indiyədək görünməmiş sayda peyk buraxıldığı bir vaxtda, Kessler sindromu adlanan bu ssenari getdikcə daha real təhlükə kimi qiymətləndirilir. Təkcə İlon Maskın “SpaceX” şirkəti 9000-dən çox birdəfəlik peykdən ibarət meqasürünü idarə edir. “Amazon” da oxşar meqasürü yaratmağı planlaşdırır, Çin isə daha bir belə layihə üzərində çalışır.

Əvvəlcə Kessler bu orbital fəlakətin uzun illər ərzində inkişaf edəcəyini düşünürdü. Lakin yeni tədqiqat daha qaranlıq ssenarini gündəmə gətirir:

“Bəs güclü Günəş fırtınası Kessler sindromuna bənzər prosesi qəfil başlatsa nə olar? Günəş alovları Yerə elektromaqnit dalğaları göndərir, bu da elektrik şəbəkələrini və rabitəni poza bilər. Nəzəri olaraq, kifayət qədər güclü alov peyklərlə əlaqəni kəsə, onların naviqasiya sistemlərini sıradan çıxara və kursu saxlamaq imkanını itirmələrinə səbəb ola bilər”.

Alimlər bu ehtimalı son dərəcə narahatedici adlandırırlar. Çünki artıq indi “SpaceX” peykləri bir-biri ilə və digər obyektlərlə toqquşmamaq üçün daim manevrlər etməyə məcburdur. Təkcə ötən il ərzində 300 mindən çox belə manevr həyata keçirilib.

Bu ssenarini araşdıran tədqiqatçılar CRASH clock adlı yeni göstərici hazırlayıblar. Bu göstərici Günəş fırtınası kimi böhran zamanı peyklər naviqasiyanı itirərsə, fəlakətli toqquşmanın nə qədər vaxt ərzində baş verəcəyini ölçür.

“Məsələnin mahiyyəti ondadır ki, hadisələr çox sürətlə pisləşə bilər. Hesablamalara görə, aşağı Yer orbitində peyklər hər 36 saniyədən bir bir-birinə bir kilometr məsafədə yaxınlaşa bilər. Kosmos üçün bu, təhlükəli dərəcədə yaxın məsafədir”, deyə məqalədə qeyd olunur.

Bu səbəbdən alimlər bildirirlər ki, Günəş fırtınası baş verərsə, bəşəriyyətin genişmiqyaslı qəzadan yayınmaq üçün cəmi 5,5 günü olacaq. Digər tərəfdən, müəlliflər vurğulayırlar ki, 1859-cu ildə baş vermiş və o dövrdə planetin teleqraf infrastrukturunu sıradan çıxarmış Karrinqton miqyaslı Günəş hadisəsi bu gün təkrarlansa, dünya üzrə genişmiqyaslı elektrik kəsintilərinə səbəb ola bilər.

Orbitdə fəlakət ehtimalı

Xatırladaq ki, alimlər artıq orbitdə yerləşdirilmiş peyk meqasürülərini kart evinə bənzədir, onları möhkəm dayağı olmayan sistem kimi xarakterizə edirlər. Artıq indi peyklər bir-birinə çox tez-tez bir kilometrdən də yaxın məsafədən keçir.

Hesablamalara əsasən, 2025-ci ilin iyun ayına olan vəziyyətə görə, peyk operatorları yayınma manevrləri üçün komanda göndərmək imkanını itirsəydilər, fəlakətli toqquşma təxminən 2,8 gün ərzində baş verərdi. Halbuki 2018-ci ildə bu göstərici 121 gün idi.

Samir

Seçilən
0
hit.az

1Mənbələr