Ses qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Ermənistanda eks-prezident Robert Koçaryanın son dövrlərdə hakimiyyətə qarşı çıxışlarında Azərbaycanla sülh müqaviləsinin və TRİİP (Transregional İqtisadi-İnfrastruktur Platforması) layihəsinin “əhəmiyyətsiz” kimi təqdim olunması təsadüfi deyil. Bu ritorikanın xüsusilə seçkilər ərəfəsində intensivləşməsi, regional və qlobal miqyasda müharibə risklərinin artdığı bir dövrə təsadüf etməsi Koçaryanın mesajlarının daha dərin geosiyasi məna daşıdığını göstərir. Koçaryanın siyasi xətti uzun illər revanşist ideologiya və hərbiləşmiş təhlükəsizlik anlayışı üzərində qurulub. Azərbaycanla sülh müqaviləsini və regionda iqtisadi inteqrasiyanı nəzərdə tutan TRİİP kimi layihələri “dəyərsiz” göstərmək ilk növbədə daxili auditoriyaya hesablanıb. Məqsəd mövcud hakimiyyəti “təslimçi”, “Qərbə meylli” və “milli maraqlara xəyanət edən” obrazında təqdim edərək seçici davranışını radikallaşdırmaqdır.
Ermənistan cəmiyyətində hələ də məğlubiyyət sindromu və təhlükəsizlik qorxuları qalmaqdadır. Koçaryan bu psixoloji zəiflikdən istifadə edərək müharibə ritorikasını dolayı yolla legitimləşdirir, sülhü isə risk kimi təqdim edir. TRİİP layihəsi yalnız iqtisadi və logistika təşəbbüsü deyil, həm də Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının təməl elementidir. Ermənistanın bu platformaya inteqrasiyası ölkəni nəqliyyat dalanından çıxara, Rusiya asılılığını azalda və regional əməkdaşlıq mühitini gücləndirə bilər.
Koçaryanın bu layihəni əhəmiyyətsiz adlandırması əslində onun köhnə geosiyasi oriyentasiyasının, Moskva mərkəzli, qapalı və konfliktə dayalı modelin davamı kimi oxunmalıdır. Bu baxımdan TRİİP-ə qarşı çıxışlar yalnız iqtisadi arqument deyil, geosiyasi mövqedir.
Regional müharibə ehtimalları fonunda mesajlar
Hazırkı mərhələdə Yaxın Şərqdə, Ukraynada və Qara dəniz hövzəsində davam edən münaqişələr beynəlxalq diqqəti parçalayır. Koçaryanın ritorikası bu kontekstdə təhlükəli bir siqnal kimi də qiymətləndirilə bilər. O, dolayısı ilə regionda yeni eskalasiya ehtimallarının mövcudluğunu qabardır və Ermənistanın “yenidən silahlanmalı” olduğu mesajını verir. Bu, həm də xarici oyunçulara, xüsusən Rusiyaya ünvanlanmış mesajdır: Ermənistan daxilində hələ də sülhə alternativ olaraq konfrontasiya xəttini dəstəkləyən siyasi qüvvələr mövcuddur.
Koçaryan və onun ətrafının bu cür çıxışları Ermənistan–Azərbaycan sülh prosesinə birbaşa hüquqi təsir göstərməsə də, siyasi atmosferi zəhərləyir. Seçkiöncəsi ritorikanın sərtləşməsi qarşılıqlı etimadı zəiflədir, radikal mövqeləri gücləndirir və regionda qeyri-müəyyənlik yaradır. Bu baxımdan Koçaryanın bəyanatları real alternativ strategiya deyil, keçmişin kölgəsində qalmaq cəhdidir. Lakin geopolitik gərginliyin artdığı bir dövrdə belə ritorikanın tirajlanması diqqətdən kənarda qalmamalıdır.
Robert Koçaryanın sülh müqaviləsini və TRİİP layihəsini hədəfə alan çıxışları seçki texnologiyasından daha çox məna daşıyır. Bu, Ermənistanın gələcək inkişaf modeli üzərində gedən mübarizənin ideoloji ifadəsidir: sülh və inteqrasiya, yoxsa izolyasiya və daimi risk. Regional müharibə ehtimallarının artdığı bir vaxtda bu cür mesajlar təkcə Ermənistan üçün deyil, bütün Cənubi Qafqaz üçün potensial təhlükə mənbəyidir.
Robert Köçəryan nəyə işarə edir?
“ABŞ ilə İran, yaxud İsrail ilə İran arasındakı münaqişə qızğın fazaya keçərsə, Cənubi Qafqazın ikinci dərəcəli təsir zonasında qalacağı ehtimalı var”. Bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ABŞ-ın Cənubi Qafqaza heç bir iqtisadi fayda vermədən TRIPP layihəsini təşviq etməsi barədə açıqlamasında deyib və gözlənilən ajiotaja səbəb olub. Lakin problem ondadır ki, Köçəryanın sözləri seçkilər ərəfəsində daha bir səs-küy salmaq cəhdindən daha çox şey gizlədir. Onun fikirləri, mübahisəli təbiətinə və siyasi əsaslarına baxmayaraq, daha narahatedici bir kontekstə işarə edir: Cənubi Qafqaz yenidən Ermənistanın subyekt deyil, obyekt olmaq riski daşıdığı daha böyük bir geosiyasi oyunun bir hissəsinə çevrilir.
Köçəryan rəqəmlərə istinad edərə deyir ki, ABŞ-ın Ermənistan və Azərbaycanla ticarəti Amerikanın ümumi xarici ticarət dövriyyəsinin yalnız mində bir hissəsini təşkil edir. Bəlkə də o, haqlı olardı, o halda ki Cənubi Qafqaz Vaşinqton üçün iqtisadi ağırlıq mərkəzi olmasaydı. Burada nəhəng bazarlar olmaya bilər, amma olmayacağını da demək olmaz. Rusiya və İranın tranzit statusundan məhrum edildiyi bir vaxtda Azərbaycan üzərindən Gürcüstan və gələcəkdə Ermənistandan keçməklə reallaşan Orta Dəhlizin gücünu eks-prezident Koçaryan görə bilmir, yoxsa görmək istəmir? Ən doğrusu ikinci versiyadır. Koçaryan Rusiyanın ağzı ilə danışır, daim üçtərəfli Bəyanata istinad edərək Zəngəzur dəhlizinin gücünü və imkanlarını gündəmə gətirən Moskvanın bir göstərişi ilə erməni müxalifəti indi də bu marşrutun əlehinə çıxış edir.
Lakin səhv iqtisadi marağın olmaması avtomatik olaraq ümumilikdə marağın olmaması kimi şərh edildikdə başlayır. XXI əsrdə supergüclər yalnız ticarətdən daha çox şey üçün fəaliyyət göstərirlər. Cənubi Qafqaz bazar kimi deyil, dəhliz, tramplin və təzyiq elementi kimi vacibdir. Lakin məsələ burasındadır ki, Köçəryanın arqumentinin əsasını İran təşkil edir. ABŞ həqiqətən də regiona əsasən İran prizmasından baxır. Ermənistan Cənubi Qafqazda İslam Respublikası ilə birbaşa sərhədi olan və eyni zamanda Qərb, Rusiya və İran arasında seçim etməyə çalışan yeganə ölkədir. Qərbin burada təsirini artırmaq üçün etdiyi hər hansı bir cəhd Tehran tərəfindən potensial təhlükə kimi qəbul edilir.
Əgər Vaşinqton infrastruktur layihələri, nəqliyyat dəhlizləri, logistika və təhlükəsizlik vasitəsilə öz mövcudluğunu genişləndirərsə, İran qaçılmaz olaraq cavab verəcək. Və burada Ermənistan son dərəcə təhlükəli bir tələyə düşür: körpü deyil, cəbhə xəttinə çevrilə bilər. Köçəryan Azərbaycanın regional rolunu görməzdən gəlməyə cəhd edir, onu lağa qoymaq istəyir, amma həm də reallığı görməzdən gəlir. İsrail Azərbaycanın əsas hərbi tərəfdaşlarından biridir. Silahlar, kəşfiyyat texnologiyaları, dronlar 2020-ci il müharibəsində az rol oynamayıb. Qəribədir ki, bütün bunları indi Robert Köçəryan unudub.
Ermənistanın ikinci prezidentinin Donald Trampdan bəhs etməsi təsadüfi deyil. ABŞ prezidenti həqiqətən də "müharibələrə son qoyan adam" imicinə aludədir. O, tarixə nəyisə başladan prezident kimi deyil, "böyük müqavilələr" imzalayan biri kimi düşmək istəyir. Buna görə də, o, ötən ilin 8 avqustunda Vaşinqtonda imzalanmış sənədi münaqişənin sonu kimi təqdim edir. Lakin əslində bu, müharibənin sonudur, Ermənistan üçün sülhdür. Ermənistan üçün başqa bir aspekt daha da narahatedicidir. İranda İrəvanın artıq etibarlı tərəfdaş kimi qəbul edilmədiyi barədə bəyanatlar getdikcə daha çox eşidilir. Tehran İrəvanın Qərblə yaxınlaşmasını görür və Ermənistan ərazisinin İran əleyhinə məqsədlər üçün istifadə edilə biləcəyindən şübhələnir. İran diplomatiyası nadir hallarda birbaşa danışır. Lakin Tehran açıq şəkildə şübhələrini ifadə etməyə başlayanda bu, bir siqnaldır. Hazırkı şəraitdə xüsusilə təhlükəlidir.
İran donanması Çin və Rusiya ilə birlikdə Oman körfəzində və Hind okeanında döyüş atışlı təlimlər elan edib. Məlum olduğu kimi, Amerikanın USS Abraham Linkoln təyyarədaşıyan gəmisi də eyni bölgədədir. Deməli, bu, tam olaraq diplomatiya deyil. Bu, güc nümayişidir. Bu, mümkün toqquşmaya hazırlıqdır. ABŞ ilə İran, yaxud İsrail ilə İran arasındakı münaqişə qızışarsa, Cənubi Qafqaz özünü ikinci dərəcəli zərbə zonasında tapacaq. Məhz buna görə də Köçəryan Ermənistanın birbaşa iştirak etməsə belə, böyük bir müharibənin qurbanı ola biləcəyinə işarə edir.
Rusiya və Köçəryan üçün əlverişsiz mövqe
Ermənistan Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun ekspert köməkçisi və siyasi şərhçi David Stepanyan "Noyan Tapan TV”yə açıqlamasında deyib ki, Robert Köçəryan heç vaxt, heç yerdə - nə Qarabağda, nə də Ermənistanda seçilməmiş bir insandır, o, həmişə təyin olunurdu. O, təyin olunmuş prezident idi və buna görə də onu təyin edənlərin maraqlarına xidmət edirdi. O, bu planlara fəal şəkildə qarşı çıxan insanlardan biridir. "Bill Klinton və Vladimir Putin arasında 2000-ci ildə aparılan danışıqların bu yaxınlarda açıqlanmış transkriptini oxuyun. Klinton deyir: "Yaxşı, 'Ki Vest' bizim üçün işə yaramadı, amma bəlkə də Cənubi Qafqazda rabitəni blokdan çıxarmağın başqa bir yolu haqqında düşünməliyik. Bəlkə də bu problemi həll etmək üçün fərqli bir yanaşma sınaya bilərik”.
Putin deyib ki, mən buna qarşı deyiləm. Robert Köçəryan əleyhinədir! “Mən Robert Köçəryanla danışdım və o, bu problemi sonraya saxlamağımızı düşünür". Əslində indiki vəziyyət Ermənistanın ikinci presidenti Koçaryanın məqsədinə müğayir deyil. Onun ali məqsədi hər gün sərhəddə insanların ölməsi, ölkənin suverenliyinin təhlükə altında olması, iqtisadi tənəzzüldür. Rusiyanın Koçaryanı açıq və ya dolayı yolla dəstəkləməsi taktiki baxımdan başa düşüləndir, amma strateji baxımdan getdikcə daha az məqsədəuyğundur.
Məsələyə digər rakursdan yanaşsaq, “niyə Rusiya Koçaryanı “uyğun fiqur” sayır?” sualına cavab tapmış olarıq. Tanış və idarəolunan model kimi Koçaryan Kremlin yaxşı tanıdığı siyasi fiqurdur. Onun hakimiyyəti dövründə Ermənistanın təhlükəsizlik arxitekturası tam Rusiyaya bağlı idi. Qərblə manevr imkanları minimum idi, regionda konflikt Moskva üçün təsir aləti rolunu oynayırdı. Bu baxımdan Koçaryan status-kvonun qoruyucusu kimi Rusiyaya rahat gəlir.
Sülh prosesinə skeptisizm Azərbaycan–Ermənistan sülhü, xüsusən nəqliyyat-kommunikasiya layihələri (TRİİP və oxşar formatlar) Rusiyanın region üzərində monopol təsirini zəiflədir, Ermənistanın alternativ tərəfdaşlar qazanmasına yol açır. Koçaryanın bu prosesləri gözdən salması Kreml üçün faydalı rezonans yaradır.
Paşinyana təzyiq aləti
Koçaryan real hakimiyyət alternativindən çox, Rusiyanın əlində daxili siyasi təzyiq rıçağıdır. “Əgər çox uzağa getsən, köhnə qvardiya hələ var” mesajı verilir. Amma niyə bu dəstək artıq problemli görünür? Koçaryan Ermənistan daxilində korrupsiya avtoritar idarəçilik, 1 Mart hadisələri ilə assosiasiya olunur. Bu isə onu Rusiyanın dəstəklədiyi fiqur kimi göstərdikcə, anti-Rusiya əhval-ruhiyyəsini daha da gücləndirir. 2020-ci ildən sonar hərbi balans dəyişib, Türkiyənin rolu artıb, Qərb regionda daha aktivdir. Bu şəraitdə Koçaryanın təklif etdiyi “köhnə təhlükəsizlik modeli” artıq işlək deyil. Rusiya üçün belə bu model xərcli və effektivsizdir. Yeni müharibə riski Rusiyanın xeyrinə deyil. Hazırkı vəziyyətdə Rusiya Ukrayna müharibəsində ciddi resurs itkisi yaşayır, yeni cəbhələr açmaq imkanında deyil.
Koçaryanın dolayısı eskalasiya ritorikası isə Rusiyanı istəmədiyi halda regionda yeni risklərə sürükləyə bilər. Bəs geosiyasi nəticə nə ola bilər? Rusiyanın Koçaryanı dəstəkləməsi qısa müddətdə təsir aləti kimi işə yaraya bilər, amma uzun müddətdə Ermənistanı Rusiyadan daha da uzaqlaşdırır, regionda sabitliyi deyil, qeyri-müəyyənliyi artırır. Əslində bu dəstək Moskvanın Cənubi Qafqazda strateji manevr imkanlarının daraldığını göstərən simptomdur.
Koçaryan Rusiyanın keçmişdə işləyən alətidir, amma gələcəyin həlli deyil. Kreml üçün onun dəstəklənməsi “tanış risk” kimi cazibədar görünə bilər, lakin dəyişən regional reallıqlar fonunda bu seçim getdikcə daha az rasional və daha çox reaktiv xarakter daşıyır.
V.VƏLİYEV
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.