Türkiyə üzərindən regiona doğru hərəkət edən sərt və arktik mənşəli soyuq hava kütlələrinin yaxın günlərdə Azərbaycan ərazisinə daxil olacağı gözlənilir və bu proses sinoptik baxımdan kifayət qədər ciddi dəyişikliklərlə müşayiət oluna bilər. Hazırda Türkiyənin bir çox bölgəsində müşahidə olunan şaxtalı, güclü küləkli və intensiv qarlı hava şəraiti şərqə doğru genişlənərək Cənubi Qafqaz regionuna çatmaq üzrədir.
Müşahidələr göstərir ki, bu hava sistemi əsasən Sibir və Arktika mənşəlidir və temperaturun qısa müddətdə mövsüm normasından xeyli aşağı enməsinə səbəb olur ki, bu da region üçün nadir olmayan, lakin təsir gücünə görə riskli hesab edilən sinoptik prosesdir.
Mütəxəssislərin fikrincə, həmin soyuq hava kütləsinin Azərbaycana çatması ilə ölkə ərazisində də temperaturun enməsi gözlənilir. Xüsusilə dağlıq və dağətəyi rayonlarda şaxtaların güclənəcəyi, qarın intensivləşəcəyi ehtimal olunur. Bakı və Abşeron yarımadasında isə havanın kəskin soyuması, yağışın sulu qara keçməsi və gecə saatlarında buzlanma riski istisna edilmir.

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan ekoloq Telman Zeynalov qeyd edib ki, belə kəskin soyuq hava dalğaları təkcə meteoroloji hadisə deyil, eyni zamanda ekosistemlərə və gündəlik həyata birbaşa təsir göstərən amildir:
“Arktik mənşəli hava kütlələri regiona daxil olduqda temperaturun sürətlə enməsi torpaq səthində don hadisələrini gücləndirir, bitki örtüyündə vegetasiya proseslərini müvəqqəti dayandırır və xüsusilə erkən oyanmış meyvə ağacları üçün risk yaradır. Dağlıq və dağətəyi ərazilərdə qar örtüyünün qalınlaşması bir tərəfdən su ehtiyatlarının formalaşması baxımından müsbət olsa da, digər tərəfdən yolların bağlanması, kənd təsərrüfatı fəaliyyətinin dayanması və heyvandarlıq üçün əlavə çətinliklər deməkdir”.
Ekoloqun sözlərinə görə, Bakı və Abşeron yarımadasında havanın kəskin soyuması, yağışın sulu qara keçməsi və gecə saatlarında buzlanma ehtimalı xüsusilə nəqliyyat və piyada hərəkəti üçün təhlükə yarada bilər:
“Belə dövrlərdə havanın temperaturu sıfıra yaxın dəyişdiyi üçün gizli buzlanma riski artır və bu, qəza ehtimalını yüksəldir. Eyni zamanda güclü küləklə müşayiət olunan soyuq hava istilik itkilərini artıraraq insan sağlamlığına, xüsusilə yaşlılar və uşaqlara mənfi təsir göstərə bilər.”
Ekoloqun sözlərinə görə, Beynəlxalq hava analiz mərkəzlərinin də vurğuladığı kimi, sinoptik proseslərin aktivləşməsi regionda bir neçə gün davam edə, gündəlik həyatda fasilələrə, enerji sərfiyyatının artmasına və infrastruktur üzərində əlavə yükə səbəb ola bilər:
“Əhali bu cür hava şəraitinə adaptasiya baxımından hava proqnozlarını mütəmadi izləməli, səhər və gecə saatlarında daha ehtiyatlı davranmalı, kənd təsərrüfatı ilə məşğul olanlar isə bitkilərin və heyvanların qorunması üçün qabaqlayıcı tədbirlər görməlidirlər”.
Tunar