AZ

Hər şeyi öz adı ilə çağırmaq lazımdır - Deputat

"Davosda təqdim olunan 2026-cı il “Qlobal Risklər Hesabatı”ndan da görünür ki, dezinformasiya, informasiya manipulyasiyası qlobal risklər arasında yüksək səviyyəli təhlükədir və hədəf ölkələrdən birinin də Azərbaycan olduğu vurğulanır. Niyə Azərbaycan, aydındır. Cənab Prezidentin də dediyi kimi, qlobal layları tərpətdiyimizdən, yəni beynəlxalq konyunkturaya rəğmən torpaqlarımız üzərində suverenliyimizi təmin edərək presedent yaratdığımızdan bəlli çevrələr bunu bizə bağışlamaq istəmirlər".

Ölkə.az xəbər verir ki, bunu deputat Sahib Alıyev parlamentdə çıxışı zamanı deyib.

O qeyd edib ki, indi də mədəni və mənəvi sərhədlərimizi hədəfə alır, burada suverenliyimizi sarsıtmaq niyyəti güdürlər. 'Ayrı-ayrı ölkələrin xüsusi xidmət orqanları içində heç bir dəyəri olmayan- onların ədəbi dildə də adları var, amma mən bu yüksək kürsüdən o sözü işlətmək istəmirəm.  Belə deyək, özünü satan sosial şəbəkə ünsürlərini və yaxud da genetik tullantıları prosesə qoşmaqla milli-mənəvi dəyərlərimizi deqradasiyaya uğratmağa çalışırlar.

Prezidentimizə və doğmalarına şər-böhtan atır, onlara qarşı həmin o genetik tullantılardan faydalananların, onları alətə çevirənlərin özlərinin haqq etdikləri təhqiramiz ifadələr işlətdirirlər",-o vurğulayır.

Deputat əlavə edib ki,  İlham Əliyev sadəcə dövlət başçısı deyil, millətimizin tarixdə əbədi qalacaq uğur və qələbə rəmzidir: "Eyni texnoloji alət vasitəsilə eyni narrativin eyni vaxt intervalında peyda olması, şər-böhtan kampaniyası bax məhz bununla bağlıdır. 
Əgər bir dövlət başqa dövlətin əhalisinə qarşı koordinasiyalı, sistemli dezinformasiya kampaniyası təşkil edirsə, bu onun daxili işlərinə müdaxilə və beynəlxalq hüquq prinsiplərinin pozulmasıdır. Bu müdaxilənin qarşısını alacaq hüquqi tələbin yaranması üçün isə onun hansısa dövlət tərəfindən dəstəkləndiyi, yaxud idarə olunduğu sübut edilməlidir. Ona görə də fikrimcə, uyğun dövlət qurumlarının, Milli Məclisin, QHT-lərin təmsilçilərindən, eləcə də hüquq ekspertlərindən təşkil olunacaq Milli İnformasiya Dayanıqlığı üzrə Koordinasiya Şurası yaradılmalıdır. Milli-mənəvi dəyərləri - dil, tarix, din, ailə institutu, dövlətçilik ənənələri və ictimai həmrəyliyi  təhdid edən koordinasiyalı dezinformasiya fəaliyyətini neytrallaşdıracaq “Xarici İnformasiya Müdaxiləsinin Qarşısının Alınması haqqında” ayrıca qanuna da ehtiyac duyulduğunu düşünürəm".

O həmçinin deyib ki,  hər şeyi öz adı ilə çağırsaq, hazırda dünya rəqəmsal müstəmləkəçilik mərhələsinə qədəm qoyur: "Kim süni intellekt qovşağı formalaşdırmazsa, öz datasına və məlumat resurslarına sahib çıxmazsa, milli süni intellekt strategiyası yaratmazsa, nəticədə başqa ölkələrin alqoritmlərindən asılı vəziyyətə düşəcək. Minlərlə kilometr uzaqda yerləşən dövlətlərdən rəqəmsal asılılığa düşməməyin bu gün faktiki olaraq bir yolu var: torpaqlarımız üzərində olduğu kimi, mədəni, mənəvi və informasiya məkanında da suverenliyi təmin etmək.
Yəni gələcəyin müharibələri artıq tanklarla deyil, serverlər və məlumat infrastrukturu üzərindən aparılacaq və artıq buna başlanılıb. Hesab edirəm ki, bizim qanunvericilik bazamızda da bu reallıq nəzərə alınmalıdır".

Mürtəza

Seçilən
21
1
olke.az

2Mənbələr