
İspaniyada keçirilən araşdırma çərçivəsində tətbiq edilən "üçlü kombinasiya müalicəsi" vasitəsilə siçanlarda mədəaltı vəzi şişi tamamilə məhv edilib. İspaniya Milli Xərçəng Araşdırmaları Mərkəzinin (CNIO) mütəxəssisləri tərəfindən aparılan tədqiqatda sağ qalma dərəcəsi ən aşağı xərçəng növlərindən biri olan mədəaltı vəzi xərçənginin müalicəsi üçün siçanlar üzərində sınaqlar keçirilib.
Tədqiqatçılar "üçlü kombinasiya müalicəsi"ndən istifadə edərək siçanlardakı şişləri yox etməyə nail olublar. Alimlər qeyd ediblər ki, bu çalışma "Mədəaltı vəzi duktal adenokarsinoması" olan xəstələrin sağ qalma şansını artıra biləcək yeni müalicə üsullarının hazırlanmasına yol açır. Həmçinin, bu elmi iş gələcək klinik sınaqların inkişaf etdirilməsi üçün istiqamət müəyyən edir.
Tədqiqatda diqqətçəkən digər məqam isə təcrübə aparılan siçanların verilən dərmanlara qarşı heç bir müqavimət (rezistentlik) göstərməməsidir. Digər tərəfdən, bu müalicənin insanlar üzərindəki təsirini müəyyən etmək üçün əlavə klinik sınaqların keçirilməsinə ehtiyac var. CNIO-nun Eksperimental Onkologiya Qrupunun rəhbəri Mariano Barbasid verdiyi açıqlamada vurğulayıb ki, hazırda bu üçlü müalicə üsulu ilə bağlı klinik sınaqlar mərhələsinə keçmək üçün hələ tezdir.
Qeyd edək ki, "Üçlü kombinasiya müalicəsi" xərçəng hüceyrəsini eyni anda üç fərqli mexanizmlə sıxışdırmaq üçün üç müxtəlif dərmanın birlikdə tətbiq olunması deməkdir. Araşdırmanın nəticələri nüfuzlu "Proceedings of the National Academy of Sciences (PNAS)" jurnalında dərc olunub.