Uşaqların dinə etiqad etməyə məcbur olunmasının qadağan edilməsi ilə bağlı müddəa “Uşaq hüquqları haqqında” Qanun layihəsində əksini tapıb. Bəzi bölgələrdə azyaşlı qız uşaqlarının valideynləri tərəfindən hicab bağlamağa məcbur edilməsi halları tez-tez müşahidə olunur. Hətta bunun uşaqların təhsilinə də təsiri olur. Bəzən isə azyaşlıların öz istəkləri ilə hicaba keçdiklərini görürük.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov məsələ ilə bağlı Redaktor.az-a açıqlamasında bildirdi ki, bizim konstitusiyamıza, "Dini etiqad azadlığı haqqında" qanuna əsasən hər kəsin etiqad azadlığı var.
Deputatın sözlərinə görə, hər kəs istədiyi dini seçə, itaət edə bilər:
"Ümumiyyətlə, biz bu məsələləri bir-biri ilə qarışdırmalı deyilik. Əgər hansısa şəxs bunu özü seçərək edirsə, burada problem yoxdur. Amma artıq söhbət məcburiyyətdən gedirsə, bu, qanun pozuntusudur və hesab edirəm ki, bu zaman hüquq-mühafizə orqanları bu istiqamətdə addımlar atmalıdırlar. Yəni yanaşma belə olmalıdır. Bizim dinimizdə məcburiyyət yoxdur. Dinimizdə elm öyrənmək, savadlı, bilikli olmaq tələb olunur və hicab təhsilə mane olmalı deyil. Vətəndaşlar da dini əsas gətirərək övladlarını təhsildən yayındırmalı deyillər. Yəni burada biz dediyimiz məsələləri nəzərə almalıyıq. Hər kəsin öz seçimi olmalı, hər kəs öz seçimini etməli və buna uyğun olaraq da həyatını yaşamalıdır. Məcburiyyət qanun pozuntusu olduqda isə bura hüquq-mühafizə orqanları müdaxilə etməli və prosesin qəti şəkildə qarşısını almalıdırlar".
Aytəkin TOFİQQIZI