AZ

İran rəhbərliyinə rezonans doğuran mesaj – Ya bu 4 şərt qəbul ediləcək, ya da…

İsrail İranla sülh şərtlərini açıqlayıb. Şərtlərə əsasən İran:

– Uranın zənginləşdirilməsi proqramını dayandırmalı, sentrifuqaları sökməli, zənginləşdirməni 0 faizə endirməlidir.

– İndiyə qədər zənginləşdirilmiş bütün uran ehtiyatlarını (400 kq) təhvil verməlidir.

– Uzaqmənzilli ballistik raket proqramını tamamilə dayandırmalıdır.

– Regiondakı proksi qüvvələrə (Hizbullah, HƏMAS, Husi və s.) dəstəyini dayandırmalıdır.

İsrailin İranla bağlı açıqladığı “sülh şərtləri” ilk baxışdan sərt və maksimalist görünsə də, əslində bu tələblər yeni deyil. Təl-Əviv uzun illərdir Tehranın nüvə proqramının tam dayandırılmasını, ballistik raket imkanlarının məhdudlaşdırılmasını və regiondakı proksi qüvvələrə dəstəyin kəsilməsini əsas təhlükəsizlik şərti kimi irəli sürür. Bu mənada açıqlanan şərtlər İsrailin mövqeyində hər hansı fundamental dəyişiklikdən çox, mövcud xəttin açıq və sərt formada ifadəsidir.

İranın bu şərtlərlə razılaşması isə real görünmür. Çünki nüvə proqramı, raket potensialı və regional təsir Tehranın yalnız hərbi deyil, həm də siyasi-strateji dayaqlarıdır. Bu alətlərdən imtina etmək İran üçün regional güc statusundan könüllü şəkildə geri çəkilmək deməkdir. Xüsusilə uranın zənginləşdirilməsinin tam sıfırlanması və mövcud ehtiyatların təhvil verilməsi İran rəhbərliyi üçün daxili siyasi baxımdan da ciddi risklər yaradar.

Bununla belə, tələblərin məhz indi gündəmə gətirilməsi diqqət çəkir. ABŞ-ın İrana mümkün hərbi müdaxilə ehtimallarının artdığı, bölgədə hərbi hazırlıqların intensivləşdiyi bir vaxtda İsrailin bu mövqeni açıq şəkildə ifadə etməsi təsadüfi deyil. Bu, həm də Tehrana verilən mesajdır.

ABŞ və İsrailin İranı birbaşa müharibəyə sürükləməkdən çox, məhdud hərbi zərbələr və güc nümayişi yolu ilə danışıqlarda istədikləri nəticəni əldə etməyə çalışmaları hazırda ən real ssenaridir. Yəni mümkün aviasiya və ya raket zərbələri Tehranın mövqeyini yumşaltmaq, onu masa arxasında güzəştlərə məcbur etmək məqsədi daşıya bilər.

turan
Turan Rzayev
Globalinfo.az

Seçilən
2
2
turkustan.az

3Mənbələr