AZ

Bu gün Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir

Gənclər cəmiyyətin dinamik qüvvəsidir və onların inkişafı bir millətin gələcəyini formalaşdırır. Hər bir dövrün inkişafı, dəyişməsi və tərəqqisi məhz gənc nəsillərin enerjisi və yenilikçi baxışları ilə mümkün olub.  Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Millətin mövcudluğu üçün sağlam gənclik vacib şərtdir. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların hazırlığından, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır.

İstedadlı gənclərə dövlət qayğısının təzahürü olaraq 2 Fevral Azərbaycanda Gənclər Günüdür. Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər gənclərlə bağlı siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirib, daima gənclərə qayğı göstərmişdir. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyulmuşdur. Gənclər siyasətinin həyata keçirilməsi istiqamətində sistemli işin aparılması məqsədilə uzaqgörən dövlət başçısı tərəfindən ilk addım olaraq gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaradıldı. Ulu öndərin 1996-cı il 22 iyun tarixində imzaladığı “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” fərmana əsasən istedadlı gənclərə dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” və “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edildi.

Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən Azərbaycan gənclərinin forumlarının keçirilməsinə başlanıldı. 1997-ci il fevralın 1-də gənclərin I Forumunun ildönümü münasibəti ilə bir qrup gənci qəbul edən Heydər Əliyev fevralın 2-sinin Azərbaycanda gənclər günü elan edilməsi barədə sərəncam imzaladı. Həmin vaxtdan etibarən fevralın 2-si MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıldı. Bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqladı. Belə ki, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli 54/120 saylı qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edildi.

Ulu Öndər tərəfindən gənclərlə bağlı təsdiq olunan qanunlar, fərman, sərəncam və dövlət proqramları respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratdı, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etdi.

Ulu Öndərin gəncliyə və gənclərə etimadı artıq öz təsdiqini tapmaqdadır. Bu gün gənc nəslin düzgün formalaşması ölkə siyasətində önəmli yer tutmaqla yanaşı, gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin çoxşaxəli fəaliyyətinə nəzər saldıqda xüsusilə gənclərlə bağlı genişmiqyaslı tədbirlərin diqqətdə saxlanıldığını görürük.  2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Dövlət başçısı İlham Əliyev tərəfindən ötən müddət ərzində bu istiqamətdə Gənclər ilə bağlı Dövlət proqramları qəbul edildi. “Azərbaycan gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər), “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” təsdiq edildi. "Bədən tərbiyəsi və idman haqqında", "Gənclər siyasəti haqqında" qanunlar, habelə "Gənc ailə" proqramı, "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında", "İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı", "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu" Dövlət Proqramı da bu qəbildəndir.

Ölkəmizin gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində öz həlledici rolunu oynadı.  Müzəffər Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan, şücaət göstərən qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların şücaəti, döyüşkənlik ruhu bizlərə  Şanlı Zəfər qazandırdı, Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarına qovuşdu.

2025-ci ilin avqust ayında  Xankəndi şəhərində Diaspor Gənclərinin VI Yay Düşərgəsi uğurla təşkil olunaraq yüzlərlə gənci bir araya gətirdi. 61 ölkədən 128 gəncin, əsasən dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclərin qatıldığı bu tədbir milli şüurunun formalaşmasında, onların bir-biri ilə şəbəkələşməsində və Azərbaycan dövlətinin maraqlarının beynəlxalq aləmdə müdafiəsində mühüm rol oynadı.

Bu gün Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü və ardıcıl siyasət nəticəsində gənclər bu gün demokratikləşmə prosesində, mədəniyyət, incəsənət, elm və idman sahəsində inamla irəliləyir, zəngin mədəni irsimizin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar. Bu gün kreativ düşüncə tərzi ilə seçilən Azərbaycan gəncləri ölkədə yaradılan əlverişli mühitdən bəhrələnərək böyük fəallıq nümayiş etdirir və Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsinə, iqtisadi qüdrətinin artmasına, beynəlxalq nüfuzunun daha da yüksəlməsinə öz layiqli tövhələrini verirlər. Bu siyasətin nəticəsidir ki, ölkəmizdə sağlam və intellektual, milli məfkurəyə sadiq və dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya etməyə qadir olan bir nəsil yetişməkdədir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir. 

Gülxarə Tarverdiyeva,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Seçilən
7
ikisahil.az

1Mənbələr