AYNA Qadınların Sosial-İqtisadi İnkişafı İctimai Birliyinə yeni icraçı direktor təyin edilib.
AYNA Qadınların Sosial-İqtisadi İnkişafı İctimai Birliyində yeni kadr təyinatı həyata keçirilib.
QHT.az xəbər verir ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatının icraçı direktoru vəzifəsinə Rəna Qəfərova təyin edilib.
Qeyd edək ki, AYNA Qadınların Sosial-İqtisadi İnkişafı İctimai Birliyi 2008-ci ildə yaradılıb və əsas məqsədi Azərbaycan qadınlarının sosial-iqtisadi inkişafının dəstəklənməsi, xüsusilə qadın sahibkarların beynəlxalq arenada tanıdılmasıdır. Təşkilat qadınlar arasında ticarət əlaqələrinin qurulması, biznes və fikir mübadiləsinin təşviqi istiqamətində fəal fəaliyyət göstərir.
Yeni icraçı direktor Rəna Qəfərovanın rəhbərliyi dövründə AYNA İctimai Birliyi Azərbaycan qadın sahibkarlarının beynəlxalq platformalarda, xüsusilə Afrika ölkələrinin qadın sahibkar assosiasiyaları ilə əməkdaşlıq çərçivəsində daha geniş təmsil olunmasını hədəfləyir. Bu əməkdaşlıqlar vasitəsilə birgə layihələrin icrası, biznes forumların təşkili və qarşılıqlı ticarət əlaqələrinin qurulması nəzərdə tutulur.
Eyni zamanda, təşkilat dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı qadın sahibkarların, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən və uğur qazanmış azərbaycanlı qadınların beynəlxalq ictimaiyyətə tanıdılmasını prioritet istiqamətlərdən biri kimi müəyyən edib.
AYNA Qadınların Sosial-İqtisadi İnkişafı İctimai Birliyi yeni rəhbərliklə qadınların iqtisadi müstəqilliyinin gücləndirilməsi, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi və Azərbaycan qadın sahibkarlarının qlobal miqyasda tanıdılması istiqamətində fəaliyyətini daha da genişləndirməyi planlaşdırır.
Bildirilib ki, qurumun bütün fəaliyyəti rəsmi sosial media hesabları vasitəsilə mütəmadi olaraq ictimaiyyətlə paylaşılacaq. AYNA Qadınların Sosial-İqtisadi İnkişafı İctimai Birliyinin yeni rəhbərlik dövründə ilk tədbirlərinin 6 fevral 2026-cı il tarixində baş tutacağı planlaşdırılır.