Bakı Mühəndislik Universitetində (BMU) 2 Fevral-Gənclər Günü ilə bağlı tədbir keçirilib.
"Unikal" xəbər verir ki, öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib və ölkəmizdə gənclər siyasəti ilə bağlı videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev Azərbaycanda gənc nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsi və ölkə həyatında fəal iştirakı üçün dövlət səviyyəsində davamlı addımlar atıldığını vurğulayıb. Ümummilli Lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərmanla təsis olunan bu əlamətdar günün gənclərin cəmiyyətdəki roluna verilən yüksək qiymət olduğunu deyən rektor gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini önə çəkib. Bildirilib ki, 44 günlük Vətən müharibəsində qazanılan Qələbə ölkədə gənclərlə düzgün, sistemli iş aparıldığını, müstəqillik dövründə milli ruhda tərbiyə almış, bilikli gənc nəslin yetişdiyini bütün dünyaya isbatlayıb.
Dahi şəxsiyyət Heydər Əliyev tərəfindən əsası qoyulmuş xaricdə təhsil ənənəsinin Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yeni çağırışlara uyğun gerçəkləşdirildiyini söyləyən rektor istedadlı gənclərin yüksək təhsil alması, sosial müdafiəsinin gücləndirilməsi, eləcə də gənc elmi kadrların hazırlanması üçün ardıcıl işlərin görüldüyünü bildirib. Bu sırada gənclərin xarici ölkələrdə təhsil üzrə ayrı-ayrı dövlət proqramlarını, Prezident Mükafatını, bir sıra təqaüdlərin təsis olunmasını, həmçinin istedadlı gənclərin elm və müasir texnologiyalara marağının artırılmasını nəzərdə tutan layihələri sadalayan Yaqub Piriyev bütün bunların gəncliyin formalaşmasında, onların problemlərinin həllində, öz qabiliyyətlərini inkişaf etdirmələrindəki xüsusi roluna diqqət çəkib. Eyni zamanda BMU tələbələrini bu geniş imkanlardan yararlanmağa çağırıb.
BMU-da gənclərin yüksək mənəvi keyfiyyətlərə yiyələnməsi, şəxsiyyət kimi formalaşması, həmçinin qlobal rəqabətə cavab verən kadrlar kimi yetişməsi istiqamətində davamlı işlərin görüldüyünü dilə gətirən rektor ali məktəbin Çin və Cənubi Koreya universitetləri ilə həyata keçirdiyi ikili diplom proqramlarını xatırladıb, bu proqramlarda təhsili gənclər üçün mühüm fürsət kimi dəyərləndirib. Çıxışının sonunda sağlam düşüncəli, nümunəvi, savadlı gəncliyi ölkəmizin dəyərli mənəvi xəzinəsi adlandıran Yaqub Piriyev Gənclər Günü münasibətilə təbriklərini çatdırıb.
Sonra BMU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Hüseynov, Tələbə Gənclər Təşkilatının sədri Məryəm Alıyeva, Tələbə Elmi Cəmiyyətinin sədri Aysu Cəbrayılova, YENİ Klub-un sədri İlqar Sarıyev çıxış ediblər. Çıxışlarda dövlətin yeni nəslin inkişafına, hərtərəfli formalaşmasına göstərdiyi diqqət sayəsində gənclərin cəmiyyətimizdəki rolunun artması, onların təhsil və karyera imkanlarının genişlənməsi xüsusi vurğulanıb. Bu siyasətin gəncləri təkcə öyrənməyə deyil, eyni zamanda ictimai həyatda fəal, təşəbbüskar və cəmiyyətdə müsbət örnək olmağa ruhlandırdığı bildirilib. Qeyd olunub ki, Vətən müharibəsində əldə edilən Zəfər gənclərin cəsurluğu, vətən sevgisi ilə qazanılıb və onların ucaldığı şəhidlik mərtəbəsi gələcək nəsillər üçün fədakarlıq nümunəsi yaradıb. Çıxışlarda, habelə son illərdə əldə edilən nailiyyətlərə, tələbələrin elmi fəaliyyətinə, yerli və beynəlxalq yarışlardakı uğurlarına toxunulub.
Səmimi atmosferdə davam edən görüşdə tələbələrin təklifləri dinlənilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.
Sonda təhsildə və universitetin sosial-ictimai həyatında fərqlənən tələbələrə Fəxri fərmanlar təqdim olunub.