AZ

Bu ölkədə bakalavr və magistr ləğv olunur - Azərbaycanda tətbiqi mümkündürmü?

Bu il sentyabrın 1-dən etibarən Rusiyada ali təhsil sistemində mühüm dəyişikliklər qüvvəyə minəcək. Belə ki, ölkənin universitetlərində "bakalavr" və "magistr" dərəcələri ləğv edilərək onların yerinə baza və ixtisaslaşmış ali təhsil modeli tətbiq olunacaq. Rəsmi Moskvanın bu addımı ali təhsilin məzmununun daha praktik və ixtisas yönümlü qurulması məqsədi daşıyır.

Rusiyada həyata keçirilən bu islahat fonunda oxşar modelin Azərbaycanda tətbiq olunub-olunmayacağı da müzakirə mövzusuna çevrilib.

Azərbaycanda belə bir qərarın qəbulunun mümkün olub-olmaması, eləcə də bu modelin müsbət və mənfi cəhətləri ilə bağlı təhsil üzrə ekspert Rizvan Fikrətoğlu Day.Az-a açıqlama verib.

O bildirib ki, belə bir model Azərbaycanda müzakirə oluna bilər.

"Təhsil siyasəti dövlətin səlahiyyətindədir və nəzəri baxımdan istənilən model gündəmə gətirilə bilər. Amma praktikada bu, çətin və risklidir. Azərbaycan Boloniya prosesinin üzvüdür və ali təhsil sistemi bakalavr-magistr-doktorantura pillələri üzərində qurulub. Diplomların Avropa və beynəlxalq səviyyədə tanınması birbaşa bu sistemlə bağlıdır. Rusiyadakı kimi modelə keçid sadəcə struktur dəyişikliyi deyil, həm də beynəlxalq öhdəliklərin yenidən nəzərdən keçirilməsi deməkdir."

Ekspert yeni modelin müsbət tərəflərindən də danışıb.

"Belə bir modelin müsbət tərəfi ondan ibarətdir ki, vahid və ardıcıl təhsil sistemi daha dərin ixtisaslaşma yarada, xüsusilə texniki və mühəndislik sahələrində tələbəni konkret istiqamətə yönəldə bilər. Hazırda magistraturanın bəzən formal mərhələ kimi qəbul edildiyini nəzərə alsaq, yeni modeldə daha praktik və əmək bazarına uyğun proqramlar qurula bilər."

Bəs, risklər nədən ibarətdir?

Təhsil eksperti risklər də kifayət qədər olduğunu deyib.

"Beynəlxalq tanınma zəifləyə, Erasmus+ və ikili diplom proqramları, eləcə də akademik mobillik məhdudlaşa bilər. Kredit transfer sistemi pozula, bakalavrdan sonra xaricdə magistr təhsili almaq çətinləşə bilər. Keçid dövründə kurikulumların, akkreditasiyanın və müəllim heyətinin uyğunlaşdırılması ciddi qarışıqlıq yarada, əmək bazarında isə diplomların mahiyyəti ilə bağlı anlaşılmazlıq formalaşa bilər."

Rizvan Fikrətoğlu deyib ki, bakalavr-magistr sistemi saxlanılsın, lakin bakalavr proqramları daha praktik, magistratura isə daha seçici və tədqiqat yönümlü edilsin.

"Bəzi sahələrdə - mühəndislik və tibb kimi - inteqrasiya olunmuş uzunmüddətli proqramların tətbiqi mümkündür. Yəni söhbət sistemin tam ləğvindən yox, Boloniya çərçivəsində çevik adaptasiyadan gedə bilər."

Elvin Səxavətoğlu
Day.Az

Seçilən
12
day.az

1Mənbələr