AZ

Tramp nüvə məhdudiyyətlərini saxlamaq və Çini prosesə cəlb etmək istəyir

ABŞ prezidenti Donald Tramp administrasiyası nüvə silahları sahəsində mövcud məhdudiyyətlərin qorunmasında maraqlı olduğunu və silahlara nəzarət üzrə danışıqlara Çinin də cəlb edilməsini istədiyini bəyan edib. AzPost xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsinə istinadla Böyük Britaniyanın Financial Times nəşri məlumat yayıb.

Məlumata görə, ABŞ administrasiyası nüvə silahlarının dünya üçün yaratdığı təhlükəni ciddi hesab edir və bu istiqamətdə beynəlxalq məhdudiyyətlərin saxlanmasını vacib sayır. Ağ Evin rəsmi nümayəndəsi bildirib ki, prezident Tramp dəfələrlə nüvə silahlarının bəşəriyyət üçün risklərindən danışıb və bu risklərin azaldılması üçün Çinin də prosesə qoşulmasının əhəmiyyətini vurğulayıb.

Qeyd olunur ki, bu təşəbbüs strateji silah ehtiyatlarına nəzarətin gələcəyi ilə bağlı müzakirələrin yeni mərhələyə keçməsinə səbəb ola bilər. ABŞ tərəfi hesab edir ki, Çinin danışıqlarda iştirakı qlobal təhlükəsizlik baxımından daha geniş və təsirli razılaşmaların əldə olunmasına imkan yaradar.

Xatırladaq ki, 2025-ci ilin sentyabr ayında Rusiya prezidenti Vladimir Putin Moskvanın Strateji Hücum Silahlarının Məhdudlaşdırılması üzrə razılaşma çərçivəsində nəzərdə tutulan kəmiyyət məhdudiyyətlərinə əməl edilməsini 2026-cı ilin fevralında sənədin müddəti başa çatdıqdan sonra daha bir il uzatmağa hazır olduğunu açıqlamışdı. Lakin o, bunun yalnız Vaşinqtonun qarşılıqlı addım atacağı halda mümkün olacağını bildirmişdi.

AzPost.az

Seçilən
4
azpost.info

1Mənbələr