BAKI,TurkicWorld, Fərid Mikayılov
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev 3-4 fevral tarixlərində Pakistana rəsmi səfər edəcək.
TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində Prezident Tokayev Pakistanın Baş naziri Şahbaz Şərif və ölkə Prezidenti Asif Ali Zərdari ilə yüksək səviyyəli danışıqlar aparacaq. Görüşlərdə iki ölkə arasında siyasi dialoqun genişləndirilməsi, ticarət-iqtisadi əlaqələrin gücləndirilməsi, eləcə də mədəni və humanitar əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.
Rəsmi səfər proqramına əsasən, Qazaxıstan Prezidenti Qazaxıstan–Pakistan İşgüzar Forumunun işində də iştirak edəcək. Forum çərçivəsində tərəflər arasında investisiya əməkdaşlığı, qarşılıqlı ticarətin artırılması və biznes dairələri arasında birbaşa əlaqələrin qurulması imkanlarının dəyərləndirilməsi nəzərdə tutulur.
Səfər Qazaxıstan ilə Pakistan arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi və regional iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.