AZ

İnformasiya məkanında ölkəmizə qarşı ikinci cəbhə açıblar - Deputat

Yazını böyüt
Yazını kiçilt

“İndi hərbi meydanda məğlub olanlar informasiya məkanında ölkəmizə qarşı ikinci cəbhə açıblar”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bu günkü iclasında deputat Zahid Oruc deyib.

Z.Oruc xüsusilə süni intellektin əsaslı “fake” və “deepfake” əməliyyatları gündəlik rejimdə aparılan hibrid savaş olmasına diqqət çəkib:

"Məqsəd Qələbəmizi, 8 avqustda Ağ Evdə əldə olunan razılaşmaları, Ermənistanla imzalanacaq sülh müqaviləsini sarsıtmaq, yenidən xalqları düşmən etmək, regionu sümürmək, eləcə də Böyük Orta Asiyanın bir parçasına çevrilən, Yaxın Şərqdə sülhyaradıcı qüvvə kimi çıxış edən, Rusiya-Ukrayna müharibəsindən və İranla qlobal gərginlikdən uğurla qorunan dövləti siyasi yolundan döndərməkdir. Prezidentin hərbi Qələbəni - Sülh Zəfərinə çevirməsi qlobal müharibə partiyasını narahat edir. Göründüyü kimi, regionda sanksiya və embarqolara məruz qalmayan tək ölkəyə son 100 ildəki kimi Ermənistan vasitəsilə təzyiq edə bilmirlər. Ona görə də dövlət başçısına qarşı aparılan böhtan və şər kampaniyası bir şəxsiyyət - lider əleyhinə deyil, dövlətimizi və Qələbəmizi ləkələmək planlarının tərkib hissəsidir”.

Z.Oruc qeyd edib ki, süni zəka proqramları terror mediasının texnoloji silahıdır:

“Hücumlar şəxsi qisas deyil, Natali Luazo, Rafael Qlüksman kimi siyasi lobbiçilərin və kəşfiyyat mərkəzlərinin birgə işidir.
Lakin sosial media korporasiyaları, youtube və digər platformalar hibrid müharibə cinayətlərinə görə hüquqi məsuliyyət daşıyırlar. Müstəqil dövlətlərin rəqəmsal suverenliyinə hücum silahlı müharibə ilə eyni əməllərdir. Diqqət edin, Avropa Birliyi Ermənistana informasiya məkanını və rəqəmsal suverenliyni qorumaq üçün 15 milyon avro ayırır. Brüssel administasiyası ayaqlarına və beyinlərinə çip bağlanan sosial simasını itirmiş ünsürlərin ölkəmizə qarşı informasiya hücumlarına biganə qala bilməz. Söyüş və təhqir azadlığı demokratiya deyil. Azərbaycan Süni intellektin geosiyasi təzyiq silahına çevrilməsinə qarşı qanun qəbul edə, deepfake-i cinayət əməli, xaricdən idarə olunan hibrid kampaniyaları milli təhlükəsizliyə təhdid kimi dəyərləndirərək Meta, X, TikTok və digər kompaniyalardan “sil- blokla-izah ver” mexanizmi ilə cavabdehlik tələb edə bilər” -depuatat deyib.

Z.Oruc ikinci təklifin prezidentin Elmlər Akademiyasının 80 illik yubileyində dövlət dili haqqında mühüm çağırışları ilə bağlı olduğunu vurğulayıb:

“İndi Vətən müharibəsində Qələbədən sonra 50 milyonluq azərbaycanlılar dil birliyindən yeni mədəni-mənəvi və siyasi yüksəliş mərhələsinə keçirlər. Ona görə də dilimizin coğrafiyasını genişləndirməliyik. Prezidentin mesajı odur ki, dövlət dilimizi xarici ölkələrdə məişət səviyyəsindən çıxarıb siyasi hökmran mövqeyə yüksəltmək istəyiriksə, güclü ideyalar, dəyərlər və əsərlər ixrac etməliyik. "Ruskiy mir" və fars dilinin əhatəsində ölkə başçısı Azərbaycan dövlət dilinin suverenliyi ideyasını irəli sürür”.

Tahirə Qafarlı

Seçilən
56
3
hafta.az

8Mənbələr