AZ

Azərbaycana mobil telefonların idxalı qaydaları dəyişdirilib: vətəndaşları nə gözləyir?

Nazirlər Kabineti 14 oktyabr 2013-cü il tarixli qərarı ilə təsdiqlənmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nda dəyişiklik edib. Yeni qərar fiziki şəxslər tərəfindən ölkəyə gətirilən mobil cihazlarla bağlı güzəştlərin tətbiq mexanizmini əhəmiyyətli dərəcədə dəyişir.

Qərara əsasən, fiziki şəxslər tərəfindən Azərbaycanın gömrük ərazisinə gətirilən mobil cihazların gömrük dəyəri mövcud qaydalarda nəzərdə tutulan aylıq güzəşt həddini aşdığı halda, həmin məbləğdən müəyyən edilmiş limit çıxılmaqla gömrük rəsmiləşdirilməsi aparılacaq. Bu zaman mobil telefonlar üzrə xarici-iqtisadi fəaliyyətin tarif və qeyri-tarif tənzimlənməsinə uyğun gömrük ödənişləri tətbiq olunacaq.

Bəs bununla bağlı əsas dəyişiklik nədən ibarətdir? Ən əsas yenilik ondan ibarətdir ki, indiyədək fiziki şəxslər hər təqvim ayı ərzində bir dəfə güzəştli qaydada mobil telefon gətirə bildiyi halda, yeni qərara əsasən bu imkan ildə bir dəfə ilə məhdudlaşdırılır. Bu dəyişiklik xüsusilə tez-tez xaricdən mobil cihaz sifariş edən və ya ölkəyə gətirən vətəndaşlara birbaşa təsir göstərəcək.

Bu qərar 2026-cı il yanvarın 1-dən qüvvəyə minib.

Güzəşt hədləri saxlanılır, tətbiq dairəsi dəyişir

"Report"un araşdırmalarına görə, yeni qaydalara görə də, fiziki şəxslər tərəfindən ayda bir dəfə ölkəyə gətirilən və ümumi gömrük dəyəri 800 ABŞ dollarını aşmayan mallar güzəştli qaydada rəsmiləşdirilir; beynəlxalq poçt göndərişləri və ya kuryer şirkətləri vasitəsilə 300 ABŞ dollarınadək mallar üçün də eyni mexanizm tətbiq olunur.

Lakin yeni qərarla bu güzəştlərin mobil telefonlara münasibətdə ildə bir dəfə tətbiq ediləcəyi müəyyən edilib.

Məsələn, vətəndaş xaricdən 650 ABŞ dolları dəyərində mobil telefon gətirir. Əgər bu, onun həmin il üzrə ilk və yeganə güzəştli telefon idxalıdırsa, cihaz əlavə gömrük rüsumu tutulmadan ölkəyə gətirilə bilər. Amma eyni şəxs il ərzində ikinci dəfə 500 dollar dəyərində mobil telefon sifariş edərsə, artıq güzəşt tətbiq olunmayacaq və telefon ümumi qaydalarla gömrükdə rəsmiləşdiriləcək, müvafiq vergi və rüsumlar ödəniləcək.

Digər nümunə: vətəndaş 1 000 ABŞ dolları dəyərində telefon gətirərsə, 800 dollar güzəşt həddi çıxıldıqdan sonra qalan 200 dollara məbləğə uyğun gömrük ödənişləri tətbiq ediləcək. Vətəndaş yerdə qalan 200 dollara görə 15 % idxal gömrük rüsum dərəcəsi, 18 % əlavə dəyər vergisi və digər gömrük ödənişləri daxil olmaqla, ümumilikdə təxminən 35-36 %-lik ödəniş edəcək. Əgər vətəndaş, ikinci və üçün mobil telefonları ölkəyə gətirərsə, onun dəyərinin 35-36 %-i qədərində ödəniş etməli olacaq.

Maraqlıdır ki, bununla bağlı qərar artıq bu il yanvarın 1-dən qüvvəyə minib. Yəni bu ilin əvvəlində xarici səfər edən və oradan mobil telefon gətirən vətəndaşın 2026-cı il ərzində güzəştli mobil telefon gətirmək limiti bitib. Onun bundan sonra gətirəcəyi mobil telefonlarına görə güzəşt tətbiq olunmayacaq.

Seçilən
13
far.az

1Mənbələr