"Bir tərəfdən yaxşı çıxış edən "Sabah" var. Son oyunlarda bu komanda həqiqətən yaxşı performans göstərir, "Zirə" kimi komandaya qalib gəlməyi bacardılar. Qarşısında isə 3 cəbhədə mübarizə aparmaq məcburiyyətində qalan, sıx qrafikdə oynamağa çalışan "Qarabağ" var. Əvvəlki illərdə Ağdam klubu avrokuboklarda çıxış edərkən heyətdə rotasiyalar edərək sıx təqvimin öhdəsindən gələ bilirdi. Oyunları yaxşı alınmasa da, ən azı qol vurub qələbə qazanırdılar. Amma son görüşlər göstərdi ki, bu sarıdan çətinlik çəkirlər".
Bu sözləri futbol mütəxəssisi Aslan Kərimov Azərbaycan Premyer Liqasında çempionluq yarışını Publika.az-a dəyərləndirərkən deyib. 18 turdan sonra "Sabah" 43 xalla liderdir. Son çempion "Qarabağ" isə 4 xal geri qalaraq ikincidir. Ağdam klubu son turda "Turan Tovuz"la görüşdə minimal hesablı çətin qələbə qazandı. Ondan əvvəl isə "köhlən atlar" süpriz şəkildə "Kəpəz"ə məğlub olmuşdular - 0:2.

"Qarabağ" əvəzində Çempionlar Liqasında uğurlu çıxış edir. Ağdam klubu tarix yazaraq pley-off mərhələsinə vəsiqə qazanıb. Bu məqam Qurban Qurbanovun yetirmələri üçün nə qədər uğurlu olsa da, işlərini çətinə salır. Çünki komanda təkcə fevral ayı boyunca 3 cəbhədə - Azərbaycan kuboku, çempionatı və Çempionlar Liqasında mübarizə aparmalıdır. Təqvim olduqca sıxdır.
Bütün bunların fonunda Premyer Liqada "Qarabağ" adət etdiyimiz üzrə zirvədə deyil. Komandanın başının qarışmasından "Sabah" istifadə edib və liderliyi ələ keçirib. "Bayquşlar" hələlik itkisiz irəliləyir. Komandanın Premyer Liqada ardıcıl 7 qələbə seriyası var, cari mövsümdə isə 1 dəfə məğlub olublar.