“ABŞ Prezidenti Donald Trampın İrandan konkret gözləntiləri var”.
Bu sözləri politoloq Turan Rzayev Hit.az-a açıqlamasında deyib.
O, bu gözləntilərin nələrdən ibarət olduğundan danışıb:
“Birincisi, İranın uranı zənginləşdirməyi dayandırması, ikincisi, nüvə silahını əldə etmək niyyətindən imtina etməsi, üçüncü isə regiondakı proksi qüvvələrin maliyyələşdirməsini bitirməsidir. Əslində, Amerikanın İrandakı rejimlə və ya vəziyyətlə elə də bir narahatlığı yoxdur.
Sadəcə onların bu fikrə gəlməsində İsrailin və yəhudi lobbisinin ciddi bir təzyiqi var. İndiki məqamda Trampın Fars körfəzinə donanma cəlb etməsi, orada və zamanda İran ətrafı ölkələrdə hərbi aktivliyini artırması ehtimal müdaxilə məsələsini gündəmə gətirir. Lakin bunun olacağını düşünmürəm. Məncə, Tramp bu addımları sadəcə İran rejimini qorxutmaq üçün atır”.
Ancaq ekspert qeyd edib ki, İran hakimiyyəti bu şərtləri qəbul etməsə, ABŞ fərqli addım ata bilər:
“Burada söhbət aviasiya və dron hücumlarından gedir. Həmçinin, ölkə daxilində teraktlar da törədə bilərlər. Ən son ssenari isə yəqin ki, İran ali dini lideri Əli Xameneinin qaçırılması məsələsidir. Amma hal-hazırda bu, ən son versiyadır. İlk ağlagələn, 12 günlük müharibə zamanı olduğu kimi aviasiya hücumları ilə müəyyən obyektlərin vurulmasıdır ehtimalıdır. ABŞ-nin İrana quru əməliyyatına və ya total müharibəyə başlama ehtimalı isə hələlik çox zəif görünür”.
Politoloq diqqətə çatdırıb ki, müharibələr çox xərc tələb edir:
“Amerika kimi ən yeni nəsil silahlara və kompleks orduya malik bir ölkənin müharibə aparması çox böyük bir hərbi xərc tələb edir. Əslində, Trampın atdığı addımlardan görürük ki, o, Amerikanı xərcli bir müharibəyə salmaq niyyətində deyil.
Əksinə, Tramp müxtəlif ölkələrdəki hərbi bazalarındakı kontingent sayını azaldır. Yəni bu müharibə ABŞ üçün ikinci bir İraq və Əfqanıstan ssenarilərini gerçəkləşdirə bilər. Mən isə Trampın belə bir hadisə ilə yadda qalmaq istədiyini düşünmürəm”.
Elmir Mustafa