AZ

Razılıq olmadan səs, görüntü, davranış süni zəka ilə klonlaşdırılırsa... - Deputat

Yazını böyüt
Yazını kiçilt

“Milli Məclisin yaz sessiyasının işlər planına “Rəqəmsal təhlükəsizlik haqqında” qanunun hazırlanmasının daxil edilməsini təklif edirəm. Qanunun adı fərqli də ola bilər, lakin onun əsas mahiyyəti aydın olmalıdır”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Azay Quliyev bildirib.

Deputat qeyd edib ki, qanun deepfake texnologiyalardan istifadə edilməklə saxta audio, video və digər rəqəmsal materialların hazırlanması və yayılmasına görə konkret hüquqi məsuliyyət müəyyən etməlidir:

“Şəxsin razılığı olmadan səsinin, görüntüsünün və davranışının süni zəkadan istifadə etməklə klonlaşıdırılması qanunla cinayət hesab edilməlidir. Artıq bir çox ölkələrdə, o cümlədən Böyük Britaniya və Avropa İttifaqında bu cür qanunazidd əməllərə görə 7 ilə kimi azadlıqdan məhrumetmə cəzası tətbiq olunur.

Bundan başqa, süni zəka ilə yaradılmış bütün audio, video və vizual materialların məcburi şəkildə etiketlənməsi qanunda tələb kimi qoyulmalı, “bu məzmun süni zəka ilə yaradılıb” xəbərdarlığı açıq və aydın formada göstərilməlidir”.

Deputat bildirib ki, bu gün deepfake materialları qədər təhlükəli olan məsələlərdən biri də riskli alqoritmlərin nəzarətsiz və şəffaflıqdan kənar şəkildə geniş yayılmasıdır:

"Belə alqoritmlər istədiyi zərərli kontenti prioritetləşdirir və təşviq edir. Nəticədə insanın düşüncə tərzi, dünya görüşü və maraq dairəsi tədricən, lakin sistemli şəkildə həmin alqoritmə uyğun formalaşdırılır, ictimai rəy fərdlərin azad seçimi əsasında deyil, alqoritmik yönləndirmə yolu ilə manipulyasiya olunur. Məhz bu səbəbdən Azərbaycanın informasiya məkanında bu cür riskli və manipulyativ alqoritmlərin yayılmasının qarşısı qanunla alınmalı və bu cür alqoritmilərin qadağan olunması sosial media platformaların hüquqi öhdəlikləri sırasına daxil edilməlidir”- deputat deyib.

Tahirə Qafarlı

Seçilən
27
hafta.az

1Mənbələr