AZ

Müharibə İranla bitməyə bilər: Azərbaycan niyə narahatdır?

Yaxın Şərqdə artan hərbi-siyasi gərginlik Cənubi Qafqaz üçün də ciddi risklər yaradır. İran ətrafında mümkün hərbi ssenarilərin gündəmə gəlməsi region ölkələrini, xüsusilə də coğrafi və etnik baxımdan birbaşa bağlı olan Azərbaycanı narahat edir. Rəsmi Bakının son diplomatik fəallığı, o cümlədən Prezident İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı, Azərbaycanın gərginliyin artmasında maraqlı olmadığını və sabitliyin qorunmasına töhfə vermək niyyətində olduğunu göstərir.

Politoloq Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, ABŞ-ın İran ətrafına əhəmiyyətli hərbi qüvvə toplaması və mümkün hərbi əməliyyat ssenarilərinin real görünməsi region dövlətlərində, o cümlədən Azərbaycanda haqlı narahatlıq doğurur:

“Ümumiyyətlə, müharibə heç vaxt müsbət nəticələr vermir, xüsusilə də bu proses böyük güclərin iştirakı ilə baş verdikdə. İranın mövcud hakimiyyətinin daxili və xarici siyasətdə atdığı bir sıra addımlar ABŞ və onun müttəfiqləri üçün əlavə əsaslar formalaşdırır. İran daxilində baş verən zorakılıqlar və insan haqlarının kobud şəkildə pozulması həm ölkənin daxili sabitliyinə, həm də beynəlxalq imicinə ciddi zərbə vurur.

Bununla yanaşı, İranın nüvə silahı əldə etmək istiqamətində cəhdləri region üçün əlavə təhlükə mənbəyidir. Belə bir silaha malik olan radikal dairələrin hansı risklər yarada biləcəyi narahatlıq doğurur və bu baxımdan beynəlxalq ictimaiyyətin bu məsələyə həssas yanaşması başadüşüləndir.

Mövcud vəziyyət fonunda İranda bəzi dairələr tərəfindən qonşu ölkələrə, xüsusilə də Azərbaycana qarşı təhdidedici və qərəzli ritorikanın səsləndirilməsi müşahidə olunur. Azərbaycanın İsraillə münasibətləri bəzi İran çevrələri tərəfindən qəsdən yanlış təqdim edilir və bu əlaqələr süni şəkildə təhlükə kimi göstərilir. Halbuki Azərbaycan dəfələrlə bəyan edib ki, öz ərazisinin heç vaxt üçüncü ölkələrə qarşı hərbi məqsədlərlə istifadəsinə imkan verməyəcək”.

Politoloq bildirib ki, buna baxmayaraq, İranda mövcud olan azərbaycanofob dairələr bu iddiaları davam etdirərək iki ölkə arasında gərginlik yaratmağa çalışırlar:

“Azərbaycan isə bu cəhdlərə qarşı məsuliyyətli və praqmatik mövqe sərgiləyərək diplomatik vasitələrlə münaqişənin qarşısını almağa çalışır. Bu, ilk növbədə İranın şimal bölgələrində yaşayan milyonlarla azərbaycanlının təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.

Hesab edirəm ki, Azərbaycan rəhbərliyinin İranın hazırkı Prezidenti Məsud Pezeşkianla birbaşa dialoqa üstünlük verməsi Tehrandakı müəyyən radikal dairələrə açıq mesajdır. Bakı İranın müharibəyə sürüklənməsində, ölkə daxilində xaosun, parçalanmanın və ya rejim dəyişikliyinin baş verməsində maraqlı deyil. Azərbaycan regionda sabitliyin qorunmasının tərəfdarıdır. Lakin eyni zamanda İran tərəfi də ritorikasında və addımlarında məsuliyyətli davranmalı, qonşuluq prinsiplərinə uyğun siyasət yürütməlidir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
2
editor.az

1Mənbələr