“6 ildir ayrılmışıq, 2 övladımıza görə verməli olduğu 1600 manat alimenti aylardır yubadır. İcra məmuru tərəfindən də heç bir tədbir görülmür”.
KONKRET.az bildirir ki, bu şikayətlə “qafqazinfo”ya Ağdaş rayon sakini Nərmin Məcidova müraciət edib.
Onun sözlərinə görə, 2008-ci ildə İlham Məcidov adlı şəxslə ailə həyatı qurub. Bu evlilikdən 15 yaşlı oğlu və 14 yaşlı qızı olan cütlük 2020-ci ildən bəri ayrı yaşayır. Heç bir yerdə çalışmadığını vurğulayan 39 yaşlı N.Məcidova deyir ki, ona həm maddi, həm də mənəvi olaraq yalnız öz ailəsi dəstəkdir: “Ağdaş Rayon Məhkəməsi tərəfindən cavabdeh Məcidov İlham Qüdrət oğlundan hər uşaq üçün 100 manat olmaqla ümumilikdə 200 manat məbləğində alimentin tutulması qət edilib. Qətnamə dərhal icra edilməsi üçün Ağdaş rayon İcra və probasiya şöbəsinə göndərilib, lakin təxmini 8 ay müddətində alimentin ödənilməsi üçün icra məmuru Ramin Abbasov tərəfindən heç bir tədbir görülməyib. Mənim şifahi və yazılı şikayətlərimdən sonra icra məmuru məcbur qalaraq borcluya xəbərdarlıq edib. Həmin vaxtdan sonra borclu mütəmadi olaraq hər ay 200 azn ödəniş edib, lakin əvvəlki aylardan qalan borclarını ödəməyib. Həmçinin, o, son üç ayın alimentini ödəməkdən imtina edərək şikayət edəcəyimiz təqdirdə də heç nə əldə edə bilməyəcəyimizi, onun barəsində heç bir tədbir görülməyəcəyini və alimenti ödəməyəcəyini bildirib”.
Şikayətçinin iddiasına görə, icra məmuru Ramin Abbasov borclunu müdafiə edir, axtarış qərarına əsasən yanvarın 13-də saxlanılaraq aparılan şəxsi məlumat vermədən evinə göndərib və barəsində heç bir tədbir görməyib: “İlham Məcidov övladları ilə ünsiyyətdə olduğu zaman onlara xərclik kimi əlavə olaraq nənə və babalarının kartına göndərdiyi 5,10,15 manat və digər məbləğlərdə pulları da aliment ödənişi kimi hesablayaraq heç bir borcun olmadığını bildirir. Maraqlısı budur ki, aliment ödənişi tələbkarın öz adına və ya etibarnamə üzrə nümayəndəsinin adına olan kart hesabına ödənilməli, digər şəxslərin kart hesabına ödənildikdə isə tələbkar aliment ödənişini alması ilə bağlı sənəd təqdim edərək təsdiqləməlidir. Lakin icra məmuru borclunun təqdim etdiyi qəbzlərin aliment ödənişi kimi qəbul etdiyini israrla bildirərək qanunun tələbini aşkar surətdə pozur”.
İddialarla əlaqədar uşaqların atası İlham Məcidovla əlaqə saxlansa da, o, sualları cavablandırmaq istəməyib.
İcra məmuru Ramin Abbasov isə “qafqazinfo”ya açıqlamasında bildirib ki, İlham Məcidovun heç bir aliment borcu yoxdur: “İcra sənədi üzrə tələbkar olan Nərmin xanımın müraciəti əsasında borclunun təqdim etdiyi aliment qəbzləri hesablanıb, heç bir aliment borcunun olmadığı aşkarlanıb. Bu barədə Nərmin xanıma məlumat verilib və şübhə etdikləri təqdirdə alimentin birgə hesablanması təklif olunub”.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyinə də sorğu ünvanlanıb. Nazirlikdən müraciətə cavabda qeyd edilib ki, adıçəkilən şəxsin heç bir aliment borcu yoxdur: “Ağdaş rayon məhkəməsinin 2(014)-688/2021 nömrəli, 01.03.2021-ci il tarixli icra vərəqəsinə əsasən Məcidov İlham Qüdrət oğlundan (bundan sonra borclu) 02.02.2021-ci il tarixdən başlayaraq 2011 və 2012-ci il təvəllüdlü övladlarının 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Məcidova Nərmin Elmidar qızının xeyrinə ödənilməlidir.
İcra sənədi 07.04.2021-ci il tarixində Ağdaş rayon icra şöbəsinin icraatına daxil olub, elə həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilib. İcra sənədinin icrasını təmin etmək məqsədilə Ağdaş rayon icra və probasiya şöbəsi tərəfindən aşağıdakı tədbirlər görülüb:
– 30.06.2021-ci il tarixində borclunun məcburi gətirilməsi barədə verilmiş təqdimat təmin edilmiş və Ağdaş rayon məhkəməsinin müvafiq qərardadına əsasən borclu 07.09.2021-ci il tarixində Ağdaş rayon icra və probasiya şöbəsinə gələrək izahat verilib.
– 18.11.2021-ci il tarixində borclu təkrar Ağdaş rayon icra və probasiya şöbəsinə çağırılıb, izahatı alınıb və barəsində inzibati protokol tərtib olunaraq baxılması üçün Ağdaş Rayon Məhkəməsinə verilib. Borclunun əməlində inzibati xəta tərkibi olmaması səbəbindən Ağdaş Rayon Məhkəməsinin 18.11.2021-ci il tarixli qərarına əsasən inzibati protokola xitam verilib.
– Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Ağdaş rayon icra və probasiya şöbəsinin təqdimatı Ağdaş Rayon Məhkəməsinə göndərilib, Ağdaş Rayon Məhkəməsinin 10.02.2022-ci il tarixli qərardadına əsasən borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.
– Borclunun axtarılmasına dair qərar tərtib olunaraq Ağdaş RPŞ-yə göndərilib, borclu 14.01.2026-cı il tarixində Ağdaş rayon icra şöbəsinə təhvil verilib. Borclu ödədiyi bütün aliment qəbzlərini təqdim edib və hesablanıb.
Bildiririk ki, borclunun bu günə kimi hesablanmış 59 ay olmaqla 67 qəbz üzrə cəmi 11.800 manat aliment pulunu tam ödədiyi müəyyən edilib. Hazırda onun heç bir aliment borcu yoxdur.
İcra işi nəzarətdə saxlanılır və qanunamüvafiq icra tədbirləri davam etdirilir”.