AZ

Gələcəkdə ailə indiki formasını qoruya bilməyəcək Sosioloqdan AÇIQLADI

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Son illərdə cəmiyyətdə ailə institutu haqqında müzakirələr getdikcə daha çox aktuallaşır. Bəziləri ailə institutunu cəmiyyətin təməli sayır, onun sosial, iqtisadi və psixoloji funksiyalarını vurğulayır. Digərləri isə iddia edir ki, müasir dünyada ailə institutu anlayışı köhnəlib, dəyişən həyat tərzi, texnologiya və fərdi azadlıqlar onu zəiflədib. Gənc nəsillərin münasibətləri, evlilik yaşının artması, boşanmaların sayının yüksəlməsi kimi tendensiyalar bu sualları gündəmə gətirir. Görəsən, ailə institutu hələ də cəmiyyət üçün əsas dayaqdırmi, yoxsa artıq simvolik bir anlayışa çevrilib? Təhlükələr onu kökündən dəyişməyə məcbur edəcək? 

Məsələ ilə bağlı sosioloq Yusif Nəbiyev Avtosfer.az-a açıqlamasında deyib ki, ailə institutu hələ də cəmiyyətin əsas sütunlarından biridir, amma artıq əvvəlki kimi dəyişməz və müqəddəs struktur deyil:

“Reallıq göstərir ki, ailə indi daha çox çevik və funksional quruma çevrilib. Yəni ailə dağılmır, sadəcə öz formasını dəyişir. Böyük ehtimalla, gələcəkdə ailə indiki formasını tam şəkildə qoruya bilməyəcək. Sosial institutlar mühitə uyğunlaşa bilməyəndə, funksiyalarını itirirlər. Ailə də bu qaydadan kənar deyil. Nüvə ailə, gec evliliklər, azuşaqlılıq artıq alternativ yox, normaya çevrilməkdədir. Yəni ailə artıq ömürlük müqəddəs müqavilə yox, davamlı yenilənmə tələb edən sosial razılaşmadır. Belə bir şəraitdə, təhlükə ailənin dəyişməsində yox, bu dəyişikliyə uyğun sosial siyasətlərin gecikməsindədir. Əgər cəmiyyət yeni ailə modellərini tanımır və dəstəkləmirsə, bu halda sosial risklər artır. Ailəni zorla köhnə formada saxlamağa çalışmaq faydasız bir sosial gərginlik səbəbidir. Ona görə deyərdim ki, bizi gözləyən əsas təhlükə ailənin özünün gələcəyi yox, o gələcəyi düzgün oxuya bilməmək, anlamamaq və dəyişən reallığı qəbul etməməkdir”.

Nurcan Babək

Oxunub 18

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
avtosfer.az

1Mənbələr