BAKI, 2 fevral. TELEQRAF
“Bu, artıq XI Gənclər Forumudur. İlk forum düz 30 il bundan əvvəl Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilmişdi”.
Teleqraf xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov XI Gənclər Forumundan sonra jurnalistlərə açıqlamasında deyib.
Nazir gənclər siyasətinin davamlılığını vurğulayıb: “Sonuncu forumumuz 2022-ci ildə, Gənclər Gününün 25 illiyi münasibətilə baş tutmuşdu. Həmin tədbirdə ölkə başçısı cənab İlham Əliyev gənclərlə görüşmüş və onların suallarını cavablandırmışdı. Bilirsiniz ki, Azərbaycanda həm nazirlik, həm də digər dövlət qurumları tərəfindən gənclər üçün geniş şərait yaradılıb. Ölkəmizdə Gənclər Fondu, gənclər evləri və 300-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir”.
F.Qayıbov gənclərin mükafatlandırılması və növbəti tədbirlər barədə də məlumat verib: “Bu gün ölkə başçısı tərəfindən təltif olunan gənclərə mükafatlarını təqdim etdik. Bu münasibətlə onları təbrik edirəm. Gənclər həftəsi çərçivəsində müxtəlif fəaliyyətlər nəzərdə tutulub. Forumumuz Xankəndidə davam edəcək, daha sonra isə “Gənclər paytaxtı” olan Goranboyda tədbirlərimiz keçiriləcək”.