
Magistratura təhsili həm ixtisas, həm də tədqiqat yönümlü bir pillədir. Bakalavr təhsili daha çox ümumi xarakter daşıdığı halda, magistratura təhsili spesifik və dərinləşdirilmiş biliklərə əsaslanır. Bu pillə bakalavrlara öz ixtisaslarını daha dərindən mənimsəməyə, eyni zamanda müstəqil şəkildə təhlil və elmi tədqiqat aparmağa imkan yaradır. Qeyd etmək lazımdır ki, magistratura pilləsində təhsil almaq istəyənlər əsasən bakalavr səviyyəsində akademik göstəriciləri yüksək olan, eyni zamanda Dövlət İmtahan Mərkəzinin magistratura imtahanında fərqlənən namizədlərdir.
Bu barədə təhsil eksperti Elçin Süleymanov Missiya.Az-a danışıb.
"Dolayısı ilə magistratura pilləsində tələbə sayı bakalavr pilləsi ilə müqayisədə daha azdır. Bu isə müəllimlərin tələbələrə daha fərdi yanaşmasına, qrup işlərinin daha effektiv təşkilinə və müxtəlif tədqiqat layihələrinin həyata keçirilməsinə əlverişli şərait yaradır. Bakalavr təhsilində isə qrupların bəzən birləşdirilməsi nəticəsində 100–150 nəfərlik böyük auditoriyalarda dərs keçilməsi individual yanaşmanı çətinləşdirir. Magistratura pilləsində isə qruplar daha kiçik olur və tədris prosesi əsasən elmi dərəcəsi və elmi adı olan, daha hazırlıqlı müəllimlər tərəfindən aparılır",- o qeyd edib.
Elçin Süleymanovun sözlərinə görə, magistratura təhsilinin keyfiyyəti ilə bağlı zaman-zaman tənqidi fikirlər səsləndirilir. Lakin ümumi mənzərəyə baxdıqda, magistratura ali təhsilin daha üst və ixtisaslaşmış pilləsi hesab olunur. Burada əsas diqqət yetirilməli məqam ondan ibarətdir ki, magistratura tədrisi bakalavr təhsilindən mahiyyət etibarilə fərqlənməlidir. Tədris proqramları və sillabuslar tərtib edilərkən bakalavr səviyyəsində keçilən fənlərdən daha spesifik, daha əhatəli və daha irəli səviyyədə məzmun təqdim olunmalıdır.
"Bununla yanaşı, magistratura pilləsində tələbələrin gələcək iş və ya elmi-tədqiqat sahələrinə uyğun fənlərin tədrisi xüsusi əhəmiyyət daşıyır. Tədqiqat metodları, elmi-analitik yanaşmalar, akademik yazı qaydaları və digər əlaqəli mövzular yüksək səviyyədə öyrədilməlidir. Məlum olduğu kimi, magistrantlar magistr dissertasiyası yazır, elmi və pedaqoji təcrübə keçir, eyni zamanda müdafiə mərhələsində müəyyən sayda elmi nəşr təqdim etməlidirlər. Bundan əlavə, pedaqoji təcrübə zamanı bakalavr tələbələrinin dərslərində iştirak etmələri və bəzi mövzuları tədris etmələri onların bu sahədə bacarıqlarını daha da inkişaf etdirir"-ekspert bildirib.
Elçin Süleymanov vurğulayıb ki, magistratura dərslərinin əksər hallarda axşam saatlarında keçirilməsi tələbələrin paralel olaraq işləməsi ilə əlaqədardır. Bu, bir tərəfdən müsbət haldır, çünki magistrantlar real iş mühitini yaxından tanıyır və təhsilə daha praktik yanaşma formalaşdırırlar. Digər tərəfdən isə bu modelin mənfi cəhəti də mövcuddur: bütün gün işlədikdən sonra dərsə gələn tələbələrdə yorğunluq, diqqət dağınıqlığı və konsentrasiya problemləri yarana bilər.
"Ümumilikdə magistrantlar artıq yetkin, baza təhsili almış şəxslərdir. Bu mərhələdə həm tədris proqramlarının keyfiyyəti, həm də dərs deyən müəllimlərin peşəkarlığı onların tədqiqat bacarıqlarının formalaşmasında həlledici rol oynayır. Eyni zamanda magistr dissertasiyasının mövzusunun düzgün seçilməsi də son dərəcə vacibdir. Mövzu aktual olmalı, iqtisadiyyata və ya müvafiq sahəyə real töhfə verə bilməlidir. Təəssüf ki, bəzən formal xarakter daşıyan, bir-birini təkrarlayan mövzular seçilir ki, bu da elmi baxımdan ciddi dəyər yaratmır.
Nəticə etibarilə, magistratura ixtisaslaşma ilə yanaşı, ilkin elmi dərəcə hesab olunur. Magistratura pilləsini uğurla başa vuran şəxslər daha sonra fəlsəfə doktoru mərhələsinə keçərək elmi tədqiqatlarını davam etdirə bilərlər. Bu səbəbdən dissertasiya mövzusu tədqiq edilə bilən, aktual və praktik əhəmiyyətə malik olmalı, eyni zamanda magistrantlara müxtəlif tədqiqat alətlərindən və metodlarından istifadə bacarıqları aşılanmalıdır. Bu, həm fərdi inkişaf, həm də ölkə üçün faydalı elmi nəticələrin ortaya çıxmasına zəmin yaradar",- E.Süleymanov əlavə edib.
İlahə Qənbərli
Missiya.Az