Bakı, 2 fevral, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və vitse-prezident, Baş nazir və Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktum Nobel Mükafatı və digər nüfuzlu elmi mükafatların laureatlarının ən böyük qlobal toplantısı olan Ümumdünya Laureatlar Sammitinin açılış mərasimində iştirak ediblər.
AZƏRTAC rəsmi WAM agentliyinə istinadla xəbər verir ki, fevralın 1-də başlayan və üç gün davam edəcək bu mötəbər tədbir Nobel Mükafatı, habelə əsas beynəlxalq elmi mükafatların laureatlarını və tədqiqat müəssisələrinin rəhbərləri də daxil olmaqla 100-dən çox alim və iştirakçını bir araya gətirir.
Bu, 3-5 fevral tarixlərində keçiriləcək 2026-cı il Ümumdünya Hökumətlər Sammiti ilə üst-üstə düşür və fevralın 3-də laureatlar daha bir sammitdə iştirak edəcək dövlət və hökumət başçıları, nazirlər və beynəlxalq təşkilat və qurumların rəhbərləri ilə bir araya gələcəklər.
Sammit iqtisadi, sosial və siyasi təzyiqlərin artdığı, həmçinin inkişaf səylərini davam etdirmək və bəşəriyyətin sivilizasiya tərəqqisinin davamlılığını təmin etmək üçün innovativ həllərə təcili ehtiyac duyulduğu bir dövrdə qlobal problemlərin həllində fundamental elmlərin rolunu dəstəkləyir.
BƏƏ Prezidenti alimlərin gələcəyin formalaşmasında vacib tərəfdaşlar olduğunu bildirib, bilik və elmi tədqiqatlara investisiya qoyuluşunu qlobal çətinliklərin öhdəsindən gəlməyin açarı kimi qiymətləndirib. O bildirib ki, BƏƏ vizyonerləri və mütəfəkkirləri bir araya gətirən, bütün bəşəriyyətə xidmət edən innovasiyanı dəstəkləyən qlobal platforma olaraq qalacaq.
Sammitin ilk günün gündəliyinə “Süni intellekt elmləri”, “Süni intellektin müsbət və mənfi təsirləri”, Yeni enerji mənbələri” və “Elmi kəşflər” mövzuları daxil edilib.
İkinci günün gündəliyinə doqquz elmi mövzu daxildir. Onların arasında genetika, həyat elmləri, fizika, blokçeyn, karbon materialları, nüvə fizikası üzrə aktual elm sahələri var.
Tədbirin üçüncü günündə Gənc alimlərin toplantısı, eləcə də Ümumdünya Hökumətlər Sammiti və Ümumdünya Laureatlar Sammiti çərçivəsində birgə sessiyalar keçiriləcək.