AZ

Professorun məqaləsi beynəlxalq elmi jurnalda dərc olunub

İqtisad elmləri doktoru, professor Zahid Fərrux Məmmədov, dos.M.Kazımovun  “Оценка научной деятельности: международный опыт и национальные подходы” adlı məqaləsi “Information and Innovations / Информация и инновации” beynəlxalq elmi nəşrində dərc edilib.

AzEdu.az-ın məlumatına görə, dövlət başçısının AMEA-nın yubiley tədbirində çıxışı zamanı səsləndirdiyi əsas tezislər – elmi fəaliyyətin nəticəyönümlü təşkili, innovasiya potensialının artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və elmin iqtisadi inkişafa töhfəsinin gücləndirilməsi müasir elmi idarəetmə konsepsiyalarının əsas istiqamətləri kimi məqalədə dərin təhlilə cəlb olunur.

Professor Zahid Məmmədov, dos.M.Kazımov  məqaləsində vurğulayır ki, müasir dövrdə elmi fəaliyyətin effektivliyi yalnız nəşr sayları ilə deyil, real sosial-iqtisadi təsir, texnoloji yeniliklərin tətbiqi və qlobal elmi şəbəkələrdə fəal iştirakla ölçülməlidir. Bu baxımdan Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi çağırışlar dünya təcrübəsində formalaşmış elmi inkişaf modelləri ilə tam uzlaşır.

Məqalədə ABŞ, Avropa İttifaqı ölkələri, B.Britaniya kimi qabaqcıl elmi sistemlərin fəaliyyət qiymətləndirmə mexanizmləri təhlil edilir. Müəllif göstərir ki, bu ölkələrdə elmi layihələrin maliyyələşdirilməsi performansa əsaslanır, universitet–sənaye əməkdaşlığı stimullaşdırılır, innovativ məhsulların kommersiyalaşdırılması əsas göstərici kimi çıxış edir, tədqiqatçıların beynəlxalq indeksli jurnallarda fəaliyyəti sistemli şəkildə qiymətləndirilir.

Bu mexanizmlər fonunda Azərbaycanın elmi sistemində həyata keçirilən islahatların düzgün istiqamətdə olduğu, lakin daha çevik və şəffaf qiymətləndirmə modellərinin tətbiqinə ehtiyac olduğu vurğulanır.

Məqalənin dərc olunduğu elmi jurnalın təsisçisi “Международный центр научной и технической информации”dir. Bu mərkəz uzun illərdir müxtəlif ölkələr arasında elmi-texniki informasiyanın mübadiləsi, innovativ tədqiqatların təşviqi və elmi əməkdaşlığın inkişafı sahəsində fəaliyyət göstərir.

Jurnal beynəlxalq elmi indekslərdə yer alan, innovasiya iqtisadiyyatı, elmi idarəetmə və texnoloji inkişaf mövzularına həsr olunmuş nüfuzlu nəşrlərdən biri kimi tanınır.Professor Zahid Məmmədovun məqaləsi Prezidentin elmi strategiyasının yalnız milli çərçivədə deyil, qlobal elmi tendensiyalar fonunda aktuallığını ortaya qoyur.

Araşdırma göstərir ki, Azərbaycan elmi sisteminin qarşısında duran əsas çağırışlarsəmərəlilik, innovativlik və beynəlxalq rəqabət qabiliyyəti dünya elmi gündəliyinin də əsas mövzularıdır.Bu baxımdan məqalə həm Azərbaycan elmi ictimaiyyəti üçün metodoloji yol xəritəsi rolunu oynayır, həm də ölkənin elmi inkişaf  strategiyasının beynəlxalq elmi məkanda tanıdılmasına mühüm töhfə verir.

Seçilən
14
azedu.az

1Mənbələr