BAKI, 2 fevral. TELEQRAF
Milli Məclisdə Qazaxdan və Sədərəkdən Ermənistana gedən dəmir yollarının təmiri təklif edilib.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin yaz sessiyasının bugünkü plenar iclasında deyib.
O təklif edib ki, yükdaşımaların bərpası fonunda bu addımlar əhəmiyyətli ola bilər: “Hazırda Türkiyə ilə Ermənistan arasında da mart ayına qədər yolların açılması müzakirə olunur. Naxçıvanın sürətli inkişafını təmin etmək üçün Naxçıvana dəmir yolu xətti olmalıdır, dəmir yolu ilə yüklər daşınmalıdır. Biz də Ermənistan üzərindən Naxçıvana yüklər daşımalıyıq.
Azərbaycan Ermənistanda sülh sazişinin imzalanmasına sadiq olan indiki hakimiyyətə öz dəstəyini ifadə edib. Əslində bu xətlərin açılması, onlara yanacaq satılması imkan verib ki, Ermənistanda yanacağın qiyməti 15-20% qədər enib”.
Deputat onu da əlavə edib ki, Ermənistanda konstitusiya dəyişikliklərini gözləmədən oradakı növbəti seçkilərə yəni, bu ilin iyun ayına qədər sülh sazişi imzalana bilər: “Bu da əslində sülhə və Ermənistanda sülhpərvər qüvvələrin Ermənistan dövlətini və xalqını təmsil etməsinə geniş imkanlar yaradar”.