AZ

“Gənclər bizim gələcəyimizdir” fikrinin məsuliyyətini dərk edirik – Fəal gənclər AZƏRTAC-a danışıblar

Bakı, 2 fevral, Günel Türksoy, AZƏRTAC

Gənclik hər zaman enerji, ideyaların qaynağı və gələcəyin ümididir. Həmçinin gənclər hər bir cəmiyyətin aparıcı qüvvəsi, gələcəyin əsas dayağıdır. Dövlətin gənclərə göstərdiyi diqqət və dəstək, eyni zamanda, gənclərin fəallığı və təşəbbüskarlığı ölkənin davamlı inkişafında onların rolunu daha da gücləndirir. Azərbaycanda hər il fevralın 2-si Gənclər Günü kimi qeyd olunur. Bu əlamətdar tarix gənclərin cəmiyyətin sosial, mədəni və ictimai-siyasi həyatında artan rolunu, onların potensialını və fəallığını ön plana çıxarır. Bu tarix həm də gənclərin potensialını, cəmiyyətə verdikləri töhfələri ictimaiyyətə nümayiş etdirmək üçün əlamətdar gündür.

AZƏRTAC bu əlamətdar gün münasibətilə ölkəmizdə xüsusilə könüllülük fəaliyyəti, müxtəlif universitetlərin Tələbə Gənclər Təşkilatlarının işinin təşkilində və idarəediməsində fəal iştirakı ilə fərqlənən 4 uğurlu gənclə söhbətləşib.

Gənclər milli kimliklərini dərk etməlidirlər

Azərbaycan Dövlət Dillər Universitetində regionşünaslıq ixtisası üzrə magistratura pilləsində təhsil alan Məmməd Əhmədli ilk olaraq Xarici İşlər Nazirliyinin Diplomatiya üzrə könüllülük proqramına qoşulub və nazirliyin müxtəlif strukturlarında könüllü kimi fəaliyyət göstərib. Həmçinin Beynəlxalq İnkişafa Yardım Agentliyində çalışıb. Bu təcrübələr onun həyatında çox müsbət rol oynayıb, ixtisasını daha dərindən anlayaraq beynəlxalq münasibətlər sahəsində biliklərini artırıb. Bu səbəbdən gənclərə öz ixtisaslarına uyğun könüllülük proqramlarında iştirak etməyi tövsiyə edib.

O, müstəqil Azərbaycanın gənci olmağın qürurverici olduğunu bildirib: “Biz fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və müstəqil dövlətin gəncləriyik. Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Prezident İlham Əliyev bu istiqamətdə davamlı və məqsədyönlü tədbirlər həyata keçirir. Azərbaycan gəncləri üçün çox əlverişli şərait yaradılıb. Onlar beynəlxalq səviyyədə tədbirlərdə uğurla çıxış edirlər. Azərbaycan gənclərinin siyasi dünyagörüşü, bilik və bacarıqları dövrün tələblərinə uyğun şəkildə formalaşmalıdır. Azərbaycan gənci ilk növbədə, öz milli kimliyini dərk etməli, tarixini və hüquqlarını bilməlidir. Bu biliklər ona gələcəkdə ixtisasından asılı olmayaraq, beynəlxalq müstəvidə mövqeyini düzgün şəkildə ifadə etməyə imkan verəcək. Mən özüm beynəlxalq münasibətlər ixtisası üzrə təhsil almışam. Bu səbəbdən dövlətimin tarixini və milli kimliyini dərindən bilməyim çox vacibdir. Çünki gələcəkdə diplomatiya sahəsində çalışaraq, ölkəmi layiqincə təmsil etməyi hədəfləyirəm”.

İnkişaf üçün geniş imkanlar və əlverişli şərait yaradılıb

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alan Fidan Məmmədova Regional İnkişaf İctimai Birliyində könüllü olub. Artıq iki ildir ki, bu birlikdə fəaliyyətini başa vurub və hazırda Azərbaycan Könüllü Təşkilatları İttifaqında sosial media sahəsi üzrə təcrübə keçir.

Onun fikrincə, azad dövlətin müstəqil gənci öz dəyərlərinə sahib çıxmalı, milli kimliyini qorumalı və onun zədələnməsinə qətiyyən imkan verməməlidir: “Düşünürəm ki, bu dövlətə layiq olmaq üçün daim inkişaf etməli və layiqli gənc kimi formalaşmalıyıq. Mən könüllülük fəaliyyətinə çox erkən yaşlardan başlamışam. 17 yaşımdan bu sahədəyəm və həmin dövrdə hələ universitet tələbəsi deyildim. Könüllülük fəaliyyəti mənim üçün inkişafa atılan ilk ciddi addım oldu. Yalnız kitab oxumaq və ya sənədli filmlər izləməklə kifayətlənməyib, özümü real mühitdə inkişaf etdirmək istədim və bu yolum məhz könüllülük fəaliyyəti ilə başladı.

Bu gün Azərbaycan gəncləri üçün geniş imkanlar və əlverişli şərait yaradılıb. Prezident İlham Əliyevin uğurlu gənclər siyasəti bu inkişafın əsas təməlini qoyub. Məhz bu siyasət nəticəsində gənclərimizin irəliləməsi və beynəlxalq səviyyədə inkişaf etməsi üçün mühüm addımlar atılıb.

Əldə etdiyim uğurlara misal olaraq onu deyə bilərəm ki, universitet təhsilim dövründə ixtisasım üzrə müxtəlif sertifikatlar əldə etmişəm. Gələcək arzularıma gəldikdə isə, ixtisasımdan fərqli olaraq media sahəsində irəliləmək istəyirəm. Gənclər, icmalar və sosial qruplar üçün danışan, onların səsini çatdıran biri olmağı arzulayıram. Müəyyən bir mərhələdən sonra əldə etdiyim uğurların mənim yaşımda olan gənclər üçün də bir başlanğıc və motivasiya mənbəyi olacağına inanıram. Xüsusilə inkişaf etmək istəyən, lakin haradan başlayacağını bilməyən gənclərə töhfə vermək, onlara istiqamət göstərmək niyyətindəyəm”.

Gənclər ölkəmizi bütün arenalarda uğurla təmsil edə bilərlər

Dövlət Gömrük Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri Osman Müşəyev 2018–2019-cu illərdən etibarən gənclər sektorunda fəaliyyət göstərir. Müxtəlif könüllülük proqramlarında iştirak edib. 10 il peşəkar şəkildə cüdo ilə məşğul olub, bu sahədə ölkə və beynəlxalq səviyyəli müxtəlif nailiyyətlər əldə edib. Akademiyanın Tələbə Gənclər Təşkilatının sədri seçildikdən sonra 200-dən çox tədbirin, ümumilikdə isə 400-dən artıq layihənin təşkilində birbaşa iştirak edib. Bu layihələr Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqı, Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirilib. Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlara layiq görülüb. Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqı tərəfindən isə ötən il “İlin Tələbə Gənclər Təşkilatı Sədri” seçilib.

Osman Müşəyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin də vurğuladığı “Gənclər bizim gələcəyimizdir” fikrinin məsuliyyətini dərk edir, istər şəxsi inkişaf, istər təhsil, istərsə də digər sahələrdə daim çalışaraq ölkəmizin gələcəyi üçün töhfə verməyə səy göstərir: “Məqsədimiz Azərbaycanı gələcəkdə həm daxildə, həm də beynəlxalq arenada layiqincə təmsil etməkdir. Əlbəttə ki, bütün bunların əsasında ölkəmizdə gənclərə göstərilən diqqət və dəstək dayanır. Ulu Öndərin 1997-ci ildə fevralın 2-ni Azərbaycan Gəncləri Günü elan etməsi dövlətimizin gənclərə verdiyi önəmin bariz nümunəsidir. Bu gün gənclər üçün müxtəlif imkanlar yaradılır: könüllülük və təcrübə proqramları həyata keçirilir, universitetlərdə və tələbə gənclər təşkilatlarında gənclərin fəallığının artırılması, komanda işi və liderlik bacarıqlarının inkişafı üçün mühüm addımlar atılır.

Hazırkı dövrdə Prezident İlham Əliyev tərəfindən də gənclərə daim dəstək göstərilir. Gənclərin peşəkar kadr kimi yetişməsi üçün dövlət səviyyəsində mühüm işlər görülür. Biz də gənclər olaraq bu etimadı doğrultmağa, ölkəmizi gələcəkdə layiqincə təmsil etməyə borcluyuq.

Vətən müharibəsində biz igidlərimizin qəhrəmanlığını gördük. Şəhidlərimiz Vətən uğrunda canlarını fəda etdilər. Biz də hər bir sahədə ölkəmizi layiqincə təmsil etməyə çalışırıq. Bu baxımdan da müasir Azərbaycan gənci, ilk növbədə, vətənpərvər olmalıdır. Vətənini sevən və ona sadiq olan gənc gələcəkdə ölkəsini istənilən arenada uğurla təmsil edə bilər. Bununla yanaşı, gənclər daim öz üzərlərində işləməli, məsuliyyətli, yenilikçi olmalı, yeni ideyalardan çəkinməməli və təşəbbüskar davranmalıdırlar. Ən vacib xüsusiyyətlərdən biri də liderlik bacarıqlarıdır. Bu bacarıqlar gənclik dövründə tələbə gənclər təşkilatlarında və müxtəlif ictimai fəaliyyətlərdə iştirak etməklə formalaşır”.

Azərbaycan gənci Vətəni sevməli, intellektual və dünyagörüşlü olmalıdır

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Elmira Babayeva 2021-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olub. Qəbul olduğu il Tələbə Gənclər Təşkilatında menecer kimi fəaliyyətə başlayıb. Daha sonra klub sədri, klub sədrinin müavini və fakültə sədrinin müavini vəzifələrində çalışıb. Bakalavr təhsilini başa vurduqdan sonra magistratura təhsilinə başlayıb.

Onun sözlərinə görə, müasir dövrdə Azərbaycan gənci intellektual baxımdan güclü, geniş dünyagörüşünə malik, Vətənini sevən biri olmalıdır:”Eyni zamanda, gənclərimiz öz sözlərini deməyi, fikirlərini düzgün ifadə etməyi bacarmalıdırlar. Bu məqsədlə ölkəmizdə müxtəlif tədbirlər həyata keçirilir və bu tədbirlər çərçivəsində tələbələr öz istedadlarını, bacarıqlarını kəşf edir, özlərini ifadəetmə imkanı qazanırlar. Bu amillər müasir dövrün ən vacib tələblərindən biridir.

Bildiyimiz kimi, ölkəmizdə gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət bu gün dövlətimizin başçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Biz bunun nəticələrini aydın şəkildə görürük. Gənclərimiz bu siyasətin verdiyi imkanlar sayəsində müxtəlif sahələrdə uğurlar əldə edir, istedadlarını və bacarıqlarını üzə çıxararaq özlərini inkişaf etdirirlər. Keçirilən tədbirlər nəticəsində tələbələr intellektual səviyyələrini yüksəldir və fərdi inkişaf yollarını formalaşdırırlar”.

Seçilən
37
azertag.az

1Mənbələr