AZ

Bahalaşma dövrü: dünən orta təbəqə idik, bu gün nə? - KÖŞƏ

Bir vaxtlar “orta təbəqə” anlayışı cəmiyyətdə müəyyən rahatlığın, sabitliyin və gələcəyə ümidin sinonimi idi. Bu təbəqəyə daxil olan insanlar nə varlı sayılırdı, nə də kasıb. Maaşları dəbdəbəyə çatmırdı, amma dolanışığa yetirdi. Övladına təhsil vermək, ailəni normal səviyyədə saxlamaq, bəzən istirahətə çıxmaq mümkündü. Bu gün isə həmin insanlar eyni şəhərdə, eyni evdə, eyni işdə yaşasalar da, tamamilə başqa bir reallıqla üz-üzə qalıblar.

Bahalaşma artıq təkcə qiymət etiketlərində görünmür. O, ailə planlarını dağıdır, insanları xırda-xırda arzularından vaz keçməyə məcbur edir. Dünən uşağını kursa yazan valideyn bu gün “bir az gözləyək” deyir. Dünən həkim müayinəsini təxirə salmayan insan bu gün ağrını dözməklə əvəz edir. Dünən kitab alan, teatr bileti alan orta təbəqə bu gün mədəniyyəti “lazım olmayan xərc” kimi görməyə başlayır. Bu isə artıq iqtisadi yox, sosial faciədir.

Ən acınacaqlısı odur ki, bahalaşma maaşdan daha sürətlidir. Rəqəmlər kağız üzərində dəyişməsə də, real alıcılıq qabiliyyəti sürətlə azalır. İnsanlar daha çox işləyir, amma daha az yaşayır. Daha çox yorulur, amma daha az ümid edir. Orta təbəqənin səssiz şəkildə aşağı təbəqəyə sürüşməsi baş verir və bu proses çox vaxt statistik hesabatlarda görünmür.

Orta təbəqə hər bir cəmiyyətin sosial dayaq nöqtəsidir. Onun zəifləməsi təkcə iqtisadi yox, siyasi və mənəvi nəticələr doğurur. Bu təbəqə yoxa çıxanda cəmiyyətdə kəskin qütbləşmə başlayır: bir tərəfdə imkanları geniş olan azlıq, digər tərəfdə isə gündəlik ehtiyaclarını qarşılamaq üçün mübarizə aparan çoxluq. Aradakı körpü dağılanda dialoq da itir, etimad da.

Bu gün orta təbəqə artıq öz statusunu itirmə qorxusu ilə yaşayır. İnsanlar sabaha plan qurmaqdan çəkinir, uzunmüddətli hədəflər yerini qısamüddətli “ayı necə başa vuraq” hesablamalarına verir. Gələcək haqqında düşünmək lüksə çevrilir. Bahalaşma təkcə cibimizi yox, psixologiyamızı da sıxır.

Sual indi daha sərtdir: əgər orta təbəqə yox olursa, bu cəmiyyətin sabahı necə olacaq? Təhsilə yatırım etməyən, mədəniyyətdən uzaqlaşan, sağlamlığını təxirə salan bir cəmiyyət hansı inkişafdan danışa bilər? Bu prosesin qarşısı alınmasa, “orta təbəqə” anlayışı tarix dərsliklərində qalan bir terminə çevrilə bilər.

Dünən orta təbəqə idik.Bu gün isə hələ də kim olduğumuzu, haraya getdiyimizi anlamağa çalışırıq. Bahalaşma dövrü sadəcə iqtisadi sınaq deyil, bu, cəmiyyətin özünə verdiyi ən ağır imtahandır.

Müəllif: Günay Hacıyeva
Seçilən
6
sia.az

1Mənbələr