“36 il əvvəl 20 Yanvarı islam fundamentalistlərinin cəzalandırılması aktı adlandıran, Qorbaçovu Qarabağı ermənilərə verməyə çağıran, separatizmə maliyyə və siyasi dəstək verən amerikalı liderləri olub. Tramp yalnız geosiyasi maraqlara görə deyil, İlham Əliyevin şəxsiyyətinə, strateji baxışların ortaqlığına və qlobal layları tərpədən Qarabağ Qələbəsinə görə xüsusi rəğbətlə yanaşır. Prezidentin qətiyyətli liderliyi, Konqres və Senatda anti-Azərbaycan lobbi qruplarının təsirini xeyli azaldıb”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında çıxışı zamanı deputat Zahid Oruc bildirib.
Z.Oruc ABŞ liderinin sosial hesabında 9 ayda 7 dəfə, diplomatik platformalarda və siyasi mesajlarında isə 14 dəfə İlham Əliyevə rəğbətini açıq ifadə edib, onu nümunə adlandıraraq- “Siz güclü lidersiniz, sizinlə fəxr edirəm”-sözlərinə diqqət çəkib:
“Bayden administrasiyası 44 günlük müharibədən sonra sanksiya təşəbbüsləri, gündəlik media hücumları və “Qarabağda xristian dini abidələrinin qorunması” adı altında Azərbaycana təzyiqlər edirdilər. Tramp administrasiyası dövründə ABŞ-Ermənistan münasibətləri rəsmi Bakı əleyhinə yönəlməyib. Vaşinqton hərbi qələbəmizi qəbul edir, onun legitimliyini tanıyır.
8 avqust Vaşinqton Zirvəsi Kürəkçayla başlayan bölünmə və məğlubiyyət silsiləsinə son qoyan tək qalibiyyət hadisəsidir.
Yanvarın 22-də Davosda ABŞ rəhbərinin dövlət başçısı ilə müstəsna görüş təşkil etməsi, “Sülh Şurası”nda ölkəmizin təsisçi üzvlüyü, Trampın barış təşəbbüsləri ilə İlham Əliyevin sülh missiyasının birləşməsi deməkdir, Qarabağ Qələbəsinin yeni dünya düzənində ölkəmizə qazandırdığı yeni geosiyasi statusdur.
“Sülh Şurası” həm də Cənubi Qafqazda mühm rol oynaya, artıq işləməyə başlayan TRİPP layihəsinin qarantiyaçısı ola bilər.
Nəhayət, vitse-prezident Ceyms Vensin ölkəmizə gözlənilən səfəri tarixi əhəmiyyətə malikdir. ABŞ-la birlikdə regionda davamlı barış və təhlükəsizliyə xidmət edən “Sülh Korpusu”nun yaradılması müharibə deyil-TRİP layihəsində sabitliyi təmin etməyə, minaları təmizləməyə, qonşulara və tərəfdaşlara sülh “ixrac” etməyə kömək edərdi”- deputat deyib.
Tahirə Qafarlı