AZ

Dünyanın ən bahalı DÖYÜŞ TƏYYARƏLƏRİ

Yazını böyüt
Yazını kiçilt

Aviasiya dünyasında bəzi təyyarələr təkcə nəqliyyat vasitəsi kimi deyil, həm də strateji gücün, prestijin və qabaqcıl texnologiyanın maddi təmsilçisi kimi seçilir. Amma bütün bu gücü əldə etmək üçün isə böyük maliyyə ehtiyyatı və daha da vacibi, elmi-texniki imkanlar olmalıdırt. Bu da öz növbəsində səmaya hakim olan hərbi təyyarələrin inkişaf xərclərini göz önünə gətirir.

Hafta.az olaraq dünyanın ən yüksək büdcə ilə hazırlanmış hərbi təyyarələrinin siyahısını hazırladıq və onları təqdim edirik:

Lockheed Martin F-35 Lightning II: 1,7 trilyon dollar

5-ci nəsil F-35 təyyarəsi tarixin ən bahalı hərbi aviasiya proqramı hesab olunur. Lockheed Martin tərəfindən hazırlanan birgə qırıcı təyyarənin proqram dəyərinin təxminən 1,7 trilyon dollar olduğu təxmin edilir. F-35-in yüksək büdcəsinin ən vacib səbəbləri arasında 3 fərqli təyyarənin tək bir proqramda olması, 2070-ci illərə qədər davam edəcək logistika və proqram təminatı tələbləri var. 8160 kq yük daşıya bilən qırıcı təyyarə 2015-ci ilin iyul ayında xidmətə başlayıb. Bu günə qədər 1290-dan çox F-35 təhvil verilib, A versiyası təxminən 80 milyon dollara, B və C versiyaları isə təxminən 100 milyon dollara satılıb.

Lockheed Martin F-22 Raptor: 67 milyard dollar

ABŞ tərəfindən ixrac edilməyən qırıcı təyyarə olan F-22 Raptor təxminən 67 milyard dollara hazırlanıb. Hər təyyarənin qiyməti 350 milyon dollar olan qırıcı təyyarə ilk uçuşunu 1997-ci ildə edib. Həddindən artıq baha başa gəldiyinə görə problem hesab edilən F-22, istehsal edilən ilk 5-ci nəsil qırıcı təyyarədir. İki ədəd Pratt & Whitney F119 mühərriki ilə təchiz edilən F-22, "it döyüşləri"ndə ən yaxşı qırıcı təyyarə hesab olunur.

Eurofighter Typhoon: 60-65 milyard dollar

Eurofighter Typhoon qırıcı təyyarəsinin inkişaf xərcləri 60-65 milyard dollardır. Böyük Britaniya, Almaniya, İtaliya və İspaniya tərəfindən istehsal edilən qırıcı təyyarə 1994-cü ildə səmaya qalxıb. 2003-cü ildə xidmətə başlayan Avropanın qırıcı təyyarəsi 4,5 nəsil təyyarə kimi istehsal olunur. İki ədəd Eurojet EJ200 turbofan mühərriki ilə təchiz edilən Eurofighter Typhoon, konfiqurasiyasından asılı olaraq 90 ilə 120 milyon dollar arasında satılır.

Dassault Rafale: 45-50 milyard dollar

Fransanın Dassault şirkəti tərəfindən hazırlanan Rafale-nin proqram dəyəri 45-50 milyard dollardır. 4,5 nəsil, tam çoxfunksiyalı qırıcı olan bu təyyarə eyni uçuşda hava-hava, hava-yer və dəniz tapşırıqlarını yerinə yetirmək qabiliyyəti ilə seçilir. İlk uçuşunu 1986-cı ilin iyul ayında edən Rafale-nin dəniz versiyası 2001-ci ildə, hava qüvvələri versiyası isə 2006-cı ildə istifadəyə verilib. İki Safran M88-2 turbofan mühərriki ilə təchiz edilən Rafale 9500 kq yük daşıya bilir. Dassault Rafale-nin vahid dəyəri təxminən 100-130 milyon dollar arasındadır.

Sukhoi Su-57: 40 milyard dollar

Rusiyanın 5-ci nəsil qırıcı təyyarəsi olan Su-57 təxminən 40 milyard dollara hazırlanıb. Hələ tam istifadəyə verilməmiş Su-57 ilk uçuşunu 2010-cu ilin yanvar ayında edib. 2020-ci ildə məhdud sayda istifadəyə verilən Rusiya qırıcı təyyarəsi mühərrik gecikmələri, aşağı istehsal sayı və sanksiyalar kimi problemlərlə üzləşir. Problemli Saturn AL-41F1 mühərriki İzdeliye 117 ilə əvəz olunacaq. 10 min kq yük daşıya bilən Su-57-nin müxtəlif konfiqurasiyalardan asılı olaraq 40 ilə 75 milyon dollar arasında satılacağı təxmin edilir.

Lockheed Martin F-16 Falcon: 18,7 milyard dollar

1981-ci ildə ABŞ Hökumətinin Hesabatlılıq Ofisinin hesabatına görə, Lockheed Martin tərəfindən istehsal edilən F-16 Fighting Falcon 18,7 milyard dollar büdcə ilə hazırlanıb. Qırıcı təyyarənin bugünkü rəqəmlərlə təxminən 40 milyard dollar inkişaf xərci olduğu görünür. İlk uçuşunu 1974-cü ilin yanvarında edən qırıcı təyyarə 1978-ci ilin avqustunda xidmətə başlayıb. Bu gün ən son model olan Block-70 4,5 nəsil təyyarə kimi seçilir. Pratt & Whitney F100 və ya General Electric F110 mühərrikləri ilə təchiz edilən F-16 7700 kq yük daşıya bilir. Fighting Falcon-un Block 70/72 versiyası 60-65 milyon dollara satılır.

KAAN: 10-12 milyard dollar

Rəsmən açıqlanmasa da, Türkiyə tərəfindən hazırlanan Milli Döyüş Təyyarəsi KAAN-ın inkişaf xərclərinin 10-12 milyard dollar arasında olduğu təxmin edilir. Bu rəqəm 5-ci nəsil qırıcı təyyarə proqramı üçün beynəlxalq müqayisələrdə nisbətən az hesab olunur. Beynəlxalq hesabatlar göstərir ki, KAAN-ın vahid təyyarə xərcləri təxminən 80-110 milyon dollar arasında olacaq. Əvvəlcə iki General Electric F110 mühərriki ilə təchiz edilən KAAN 2024-cü ilin fevral ayında səmaya qalxıb. 10-12 ton yük daşıma qabiliyyətinə malik yerli istehsal olan qırıcı təyyarənin 2028-2029-cu illərdə istifadəyə verilməsi planlaşdırılır.

KAI KF-21 Boramae: 7,8 milyard dollar

Cənubi Koreya tərəfindən hazırlanan KF-21 Boramae-nin proqram büdcəsinin təxminən 7,8 milyard dollar olduğu bildirilir. Bu 4,5 nəsil çoxməqsədli qırıcı təyyarə iki General Electric F414 mühərriki ilə təchiz olunacaq. İlk uçuşunu 2021-ci ilin iyul ayında həyata keçirən KF-21, inkişaf uçuş sınaqlarını başa vurub və kütləvi istehsal üçün təsdiq alıb. İstehsal xəttindən çıxacaq ilk təyyarələrin 2026-cı ilin ikinci yarısında Koreya Hərbi Hava Qüvvələrinə təhvil verilməsi gözlənilir. KF-21 Boramae-nin vahid dəyərinin 80 ilə 110 milyon dollar arasında olduğu təxmin edilir.

Seçilən
28
hafta.az

1Mənbələr