Bakı, 2 fevral, AZƏRTAC
Müstəqil Azərbaycanın gənclər siyasətinin əsası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi Ümummilli Liderin xidmətləri arasında önəmli yer tutur. Sonrakı dövrdə isə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Gənclərinin XI Forumunda mədəniyyət nazirinin müavini Murad Hüseynov deyib.
O qeyd edib ki, gənclərin dünyagörüşünün formalaşmasında mədəniyyət aparıcı rol oynayır və bu amil gənclər siyasətinin mahiyyətinə də öz təsirini göstərir.
“Yeni dövrün reallıqları, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması yeni bir tarixi mərhələnin başlanğıcını qoyub. Bu mərhələ Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq məfkurəsinə söykənən yeni milli ideologiyanın – qalib Azərbaycan ideologiyasının və müasir mədəniyyət siyasətinin daha da dərinləşməsini zəruri edib. Şanlı Zəfərimizlə formalaşan yeni ictimai reallıqlar, mədəniyyət sahəsində uzunmüddətli, inklüziv və gələcəyə yönəlmiş strategiyanın hazırlanmasını obyektiv zərurətə çevirib. Məhz bu məqsədlə Prezident İlham Əliyevin 2026-cı il 14 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası təsdiq olunub. Konsepsiya Azərbaycanın milli kimliyinə əsaslanan, eyni zamanda, qlobal çağırışlara açıq olan müasir mədəniyyət modelini hədəfləyir. Burada əsas məqsəd mədəniyyəti yalnız qorunan bir dəyər deyil, inkişaf edən, cəmiyyətin bütün sahələrinə təsir göstərən canlı bir sistem kimi formalaşdırmaqdır”,- deyə nazir müavini vurğulayıb.
Onun sözlərinə görə, sağlam mədəni və yaradıcı həyat tərzi fərdin inkişafının təməlidir. Mədəniyyətin həyat tərzinin ayrılmaz hissəsinə çevrilməsi cəmiyyətdə daha güclü sosial əlaqələr, daha yüksək estetik zövq, daha sağlam düşüncə formalaşdırır. “Bu gün mədəniyyət sahəsi yeni məzmun, müasir formalar və innovativ mexanizmlərlə zənginləşdirilir. Mədəniyyəti elm, təhsil və innovasiyalarla sıx şəkildə əlaqələndirmək qarşıya məqsəd qoyulub. Çünki müasir dünyada mədəniyyət rəqəmsal mühitdə, yaradıcı sənayelərdə, yeni ideyalarda özünü göstərməlidir. Gənclərin bu prosesdəki rolu əvəzsizdir. Onlar yalnız mədəniyyətin istehlakçısı deyil, yaradıcısı və daşıyıcıdırlar. Dövlət siyasətinin əsas istiqamətlərindən biri gənclərin mədəni proseslərə daha fəal və yaradıcı şəkildə cəlb edilməsidir”,- deyə Murad Hüseynov bildirib.