"Cənab prezident tərəfindən müəyyən edilmiş strategiyaya uyğun olaraq sizin sədrliyinizlə parlamentin diplomatiyası inkişaf edir. Xarici siyasətlə bağlı yeni dövrün yeni hədəflərinə uyğun olaraq parlamentin xarici siyasətdə rolu artmaqdadır".
Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında deputat Vüqar Bayramov spiker Sahibə Qafarovaya müraciətində dedi.
Onun sözlərinə görə, 2024-cü ildə, eləcə də 2025-ci ilin birinci yarısında qlobal geosiyasi gərginliyin artmasına, dünya iqtisadiyyatında volatilliyin yüksək səviyyədə qalmasına baxmayaraq, prezidentin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı 2024-cü ildə artım tempini qoruyub saxlayıb:
"2024-cü ilin iqtisadi yekunlarında diqqət çəkən əsas məqamlardan biri isə iqtisadi inkişafın məhz qeyri-neft-qaz sektoru hesabına təmin olunmasıdır. Belə ki, neft-qaz sektorunda 1,6 faiz azalma qeydə alınsa da, qeyri-neft-qaz sektorunda 2,7 faiz artım əldə edilib. Bu göstəricilər Azərbaycan iqtisadiyyatında əsas artım drayverinin artıq qeyri-neft-qaz sektoru olduğunu aydın şəkildə nümayiş etdirir. Sözügedən dinamika cənab prezidentin rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən ardıcıl islahatların real nəticəsi kimi dəyərləndirilməlidir.
Eyni zamanda sənaye sahəsində də qeyri-neft-qaz sektorunun payının artması və ümumi iqtisadi yüksəliş baxımından ciddi irəliləyişlər müşahidə olunub. Təkcə 2024-cü ildə Azərbaycan sənayesində qeyri-neft-qaz sektoru üzrə 5,5 faiz artım qeydə alınıb ki, bu da ölkədə sənayeləşmə prosesinin dərinləşdiyini və qeyri-neft-qaz sektorunun sənayedəki mövqeyinin möhkəmləndiyini göstərir. Bu müsbət dinamika 2025-ci ilin iqtisadi hədəflərinə də birbaşa təsir edir. Belə ki, cənab prezident tərəfindən imzalanmış 2025-ci ilin dövlət büdcəsinə əsasən, qeyri-neft-qaz sektorunun büdcə gəlirlərindəki payı 57 faizə, ümumilikdə qeyri-resurs sektorunun payı isə 68 faizə qədər yüksələcək. Bu göstəricilər iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı müəyyən edilmiş strateji hədəflərə uğurla nail olunduğunu təsdiqləyir".
Nuriyyə NATİQQIZI