AZ

İran əməliyyatı Türkiyənin vasitəçiliyi sayəsində təxirə salındı - İsrail və ABŞ mediası

BAKI,TurkicWorld, Fərid Mikayılov

İsrail və ABŞ mediası İrana qarşı mümkün hərbi müdaxilənin Türkiyənin fəal diplomatik vasitəçilik təşəbbüsləri nəticəsində təxirə salındığını yazır.

TurkicWorld xəbər verir ki, İsrail mətbuatı ABŞ–İran gərginliyinin azaldılması məqsədilə Rəcəb Tayyib Ərdoğanın prosesə birbaşa müdaxilə etdiyini bildirir.

ABŞ mediası isə Türkiyəni Vaşinqton və Tehran arasında “ön sırada olan vasitəçi” kimi təqdim edir.

Məlumata görə, Türkiyə ABŞ-ın İrana qarşı mümkün hücumlarının qarşısını almaq üçün diplomatik kanalları aktivləşdirib. Rəcəb Tayyib Ərdoğan əvvəlcə ABŞ Prezidenti Donald Tramp, daha sonra isə İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb. Bu intensiv təmaslardan sonra Türkiyənin də daxil olduğu üçtərəfli sammit ideyası gündəmə gəlib.

Diplomatik proses Türkiyə xarici işlər naziri Hakan Fidanın ABŞ-ın Ankaradakı səfiri Tom Barrak və İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşləri ilə davam edib. Türkiyənin bu vasitəçilik rolu ABŞ və İsrail başda olmaqla dünya mediasında geniş əks-səda doğurub.

İsrailin “Haaretz” qəzeti yayımladığı analitik yazıda qeyd edib ki, ABŞ Prezidenti Tramp İran böhranının diplomatik yolla idarə olunması səbəbilə Türkiyəyə açıq şəkildə təşəkkür edə bilər. Qəzet yazır ki, İran Türkiyənin bu məsələdə Səudiyyə Ərəbistanından daha təsirli vasitəçi olduğunu anlayıb.

Məqalədə bildirilir ki, ABŞ hərbi hazırlıqları davam etdirsə də, Türkiyənin öncülük etdiyi yeni diplomatik mərhələ nəticəsində İrana qarşı hərbi addım müvəqqəti olaraq təxirə salınıb. İran tərəfinin ABŞ ilə gizli təmasların Türkiyə üzərindən aparılmasına açıq mövqe sərgilədiyi vurğulanır.

Haaretz” yüksək rütbəli türk rəsmiyə istinadən yazır ki, Ankara İranın zənginləşdirilmiş uran ehtiyatlarının Türkiyəyə köçürülməsini və bunun Tehrana geri qaytarılmayacağına dair beynəlxalq zəmanət verilməsini təklif edə bilər. Qəzet 2010-cu ildə Türkiyə, Braziliya və İran arasında bağlanmış, lakin icra olunmamış uran razılaşmasını da xatırladır.

İsrailin “Maariv” qəzeti isə “Ərdoğan prosesdədir” başlıqlı yazısında Ankaranın ABŞ ilə İran arasında dolayı əlaqə quraraq bölgədə yeni müharibənin qarşısını almağa çalışdığını qeyd edib.

New York Times” Türkiyə–İran təmaslarını manşetə çıxararaq Ankaranın həm Tehranla diplomatik əlaqələri, həm də Ərdoğan–Tramp münasibətləri sayəsində önəmli vasitəçilik roluna yüksəldiyini yazıb. ABŞ-ın “Axios” nəşri Türkiyəni ABŞ–İran xəttində “ən önəmli vasitəçi” adlandırıb. Britaniyanın “The Guardian” qəzeti də Ankaranın bölgədə əsas diplomatik mərkəzə çevrildiyini vurğulayıb.

Seçilən
15
turkic.world

1Mənbələr