AZ

Vüqar Bayramov: “Pensiya artımları 1 milyondan çox insana…”

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qlobal iqtisadiyyatdakı volatilliyə baxmayaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində 2025-ci ildə Azərbaycan iqtisadiyyatı artım tempini qoruyub saxladı. 

İqtisadi inkişafda ən vacib məqamlardan biri artımın qeyri neft-qaz sektoru hesabına əldə edilməsidir. Bu o deməkdir ki, qeyri neft-qaz sektoru Azərbaycan iqtsiadiyyatının əsas drayverinə çevrilməkdədir. Belə ki, ötən il iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalsa da, qeyri neft-qaz sektorunda isə 2,7 faiz artmışdır”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, sənayedə qeyri neft-qaz sektorunun artım tempi daha yüksək olub:

“Ötən il sənayenin qeyri neft-qaz sektorunda isə 5,5 faiz artm qeydə alınıb. Enerji bazarlarındakı volatilliyə rəğmən, qeyri neft-qaz sektorundakı artım iqtisadi inkişafın dayanıqlığını gücləndirməkdədir. Bu cənab Prezident İlham Əliyevin rəhbərliyi aparılan dərinləşmiş islahatların nəticəsidir. 

İslahatlar iqtisadiyyatın şaxələndirilməsi prosesini də sürətləndirməkdədir. 2026-cı ildə qeyri neft-qaz sektoru büdcə gəlirlərinin 57, ÜDM-in isə 68 faizini formalaşdıracaq.

Yalnız ötən il reallaşan 5-ci sosial pakket 3 milyondan çox vətəndaşımızı əhatə etməklə ölkəmizdə sosial təminat sisteminin daha güclənməsinə xidmət  etdi. 2025-ci ilki artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb. 

Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra Azərbaycan Prezidentinin göstərişi ilə reallaşan paketlərə 7.6 milyard manat əlavə vəsait yönəldilib. 2024-cü ildə respublika üzrə orta aylıq əmək haqqı 8.1 faiz artmışdırsa ötən ilin ilk 11 ayında artım 9.3 faiz olub. 2025-ci ilin yekun nominal orta aylıq əmək haqqı artım fazinin fevral ayının əvvəllərində rəsmi elan ediləcəyi gözlənilir. İlkin gözlənti 9.2 faiz maaş artımıdır”.

V.Bayramov əlavə edib ki, yaxın günlərdə bütün növ pensiyaların indeksləşdirilərək artırılması baş verəcək:

“9.2 faiz artırılacağı gözlənilən pensiya artımları 1 milyon 100 mindən çox vətəndaşımıza şamil olunaraq yanvar ayından hesablanacaq. Bu bütün növ əmək pensiyalarını, o cümlədən yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyaları alan bütün vətəndaşlarımıza şamil olunacaq. 

2026-cı ildə Azərbaycanda orta aylıq pensiyanın təxminən 590 manat olacağı proqnozlaşdırılır, yaşa görə orta pensiya isə 629 manata çatacaq və bu məbləğ 2025-ci illə müqayisədə 7.9%-dən çox artım deməkdir.

2026-cı ilin dövlət büdcəsindən sosial istiqamətə 17.1 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu 2026-cı ildə də sosial müdafiənin güclənməsi əsas prioritetlərdən olaraq qalacağından xəbər verir”.

Vilayət Muxtar

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
9
cebheinfo.az

10Mənbələr