AZ

Mərkəzi Bankda “səssizlik həftəsi”: Qərar nə olacaq?

Azərbaycan Mərkəzi Bankı 2026-cı ildə ilk dəfə uçot faiz dərəcəsinə dair faiz qərarını verir. Faiz dəhlizinin parametrləri 4 fevral tarixində, günün birinci yarısında mediaya açıqlanacaq və əlavə olaraq sədr komandası ilə birlikdə media qarşısında sualları cavablandırmalıdır.

Banker.az xəbər verir ki, Mərkəzi Bank buna qədər 2025-ci ildə ümumilikdə iki dəfə faiz endiriminə gedib. Belə ki, iyulda və dekabr iclaslarının hər birində 25 baza bəndi faiz endirimi edib. AMB rəhbərliyi 2024-cü ildən fərqli olaraq 2025-ci ildə daha yumşaldıcı qərarlar vermiş oldu. Beləliklə, uçot dərəcəsi 6.75%, faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 7.75% səviyyəsindədir.

Maraqlı tərəfi odur ki, dekabr iclasındakı iclasda faiz dəhlizi ilə bağlı qərar zamanı faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalına uyğunluğu, qlobal və daxili iqtisadi vəziyyət, həmçinin pul siyasətinin real sektora təsiri nəzərə alındığı bildirilib.

Requlyator deyib ki, Azərbaycanda illik inflyasiya proqnozlaşdırılan trayektoriyaya uyğun hərəkət edir və hədəf daxilindədir. 2025-ci ilin dekabrında inflyasiya 5.7%-dən 5.6%-ə düşüb.

Lakin bir şey nəzərə alınmalıdır ki, 2025-ci ilin son günlərində hökumət tənzimlənən qiymətlərdə artım qərarı verib. Avtomobil yanacaqları Aİ-92 benzini 4.5%, aqrardan logistikaya qədərə əsas istifadə edilən dizelin qiyməti 10% qaldırılıb. Mərkəzi Bankın bu qiymətlərin artımından öncə, ötən ilin oktyabr iclasında – bir növ “dayaq iclası” kimi qiymətləndirsək – baza ssenariyə əsasən, 2026-cı ildə illik inflyasiyanın 5.7% olacağı gözlənilir. Bu, iyuldakı 5.3% proqnozundan yuxarıdır. Əlavə olaraq fevral iclasında Mərkəzi Bank inflyasiyanın hansı istiqamətdə gedəcəyi ilə bağlı proqnoz da açıqlanmalıdır.

Mərkəzi Bank 2026-cı il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyatantında inflyasiyanın hədəf daxilində idarə edilməsi davamlı iqtisadi artımın vacib şərtlərindən biridir. Belə ki, tənzimləyici, ev təsərrüfatlarının, həmçinin şirkətlərin gəlir və əmanətlərinin qorunması üçün vacib hesab edir. AMB-nin əsas mandatı da budur.

“Sabit və aşağı inflyasiya milli valyutaya inamı və onun alıcılıq qabiliyyətini artırır, bununla da iqtisadiyyatda xarici valyuta ilə ifadə olunmuş aktiv və öhdəliklərin payını azaltmağa kömək edir. Bütün bunlar iqtisadiyyatın xarici mühitdəki dəyişikliklərə davamlılığını artırır”- kimi vacib bir vacib bir hissə həmin Bəyanatda yer alır.

Valyuta bazarında isə işlər sabit gedir. Keçən il valyuta bazarında təklif tələbi üstələdiyi üçün burada ümumilikdə vəziyyət stabildir. AMB bildirmişdi ki, 2025-ci ilin yanvar-noyabr aylarında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 393 mln. ABŞ dolları üstələyib.

Banker.az-ın son hesablamalarına əsasən isə  2025-ci ildə Azərbaycanda banklar əhalidən cəlb olunan nağd ABŞ dollarının həcmi satdıqlarından təqribən 318,2 mln. dollar çox olub. Bu, 2005-ci ildən qeydə alınan rəsmi statistikaya görə ən böyük əks istiqamətli nağd dollar axınıdır. 2024-cü ildə isə vəziyyət əksinə olmuş, əhali banklardan 1 mlrd. 526,3 mln. dollar almışdı.

2025-ci ildə bankların əhaliyə satdığı nağd dollar illik 45% azalaraq 1 mlrd. 767 mln. dollar, əhalidən aldıqları isə 26% artaraq 2 mlrd. 85,2 mln. dollar təşkil edib. Əhaliyə ən çox dollar yanvarda, ən az noyabrda satılıb, banklara ən çox dollar iyunda, ən az martda satılıb.

Apreldən ilin sonunadək əhali tərəfindən banklara nağd dollar axını davam edib və ümumi həcm 536,8 mln. dollar olub. Orta konvertasiya məzənnəsi 1 dollar üçün 1.6985 manat təşkil edib ki, bu da rəsmi məzənnədən aşağıdır.

Görünən odur ki, hazırkı şərait Mərkəzi Bankı faiz endirimlə bağlı fasilə verməyə məcbur edə bilər.

Mərkəzi Bankın İdarə Heyətinin bu həftə faiz dərəcələri ilə bağlı qərarı və 2026-cı ilin önəmli iclasında qiymət proqnozları maraqla gözlənilir. Baş bankir Taleh Kazımov iclasında belə həftələri “səssizlik həftəsi” kimi adlandırır.

Bu, adətən mərkəzi bankların faiz qərarı açıqlanana qədər heç bir məlumat paylaşmadığı dövrü ifadə edir. Yəni həmin həftə bank faiz qərarlarını elan etmir və iqtisadi proqnozlarla bağlı yeni açıqlama vermir – yəni “səssiz qalır”.

AMB-nin bu il qərar tarixləri:

4 fevral 2 aprel 6 may 24 iyun 5 avqust 23 sentyabr 4 noyabr 23 dekabr

2026-cı ilin 4 fevral, 6 may, 5 avqust və 4 noyabr tarixlərində qərarın açıqlanması mətbuat konfransı ilə müşayiət olunacaq, həmçinin həmin günlərdə ekspertlərlə görüşlər keçiriləcəkdir.

Seçilən
1
banker.az

1Mənbələr