AZ

“mygov” platformasının istifadəçi sayı 5 milyonu ötüb

BAKI,TurkicWorld

Ötən il ərzində “mygov” platformasının istifadəçi sayı 5 milyonu ötüb. Vətəndaşlar platforma vasitəsilə gündəlik olaraq müxtəlif informasiya sistemlərinə və elektron resurslara təhlükəsiz şəkildə çıxış əldə edirlər.

TurkicWorld xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) illik fəaliyyətinə həsr olunmuş mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Fərid Osmanov məlumat verib.

Onun sözlərinə görə, “mygov” platformasında istifadəçi məlumatlarının, xüsusilə istifadəçi adları və şifrələrin təhlükəsizliyinin qorunmasına xüsusi önəm verilir. Bu məqsədlə vətəndaşların məlumat təhlükəsizliyini artırmaq üçün iki faktorlu autentifikasiya mexanizmləri müvafiq sistemlərə inteqrasiya olunub.

Fərid Osmanov bildirib ki, rəqəmsal və kağızsız hökumət konsepsiyası çərçivəsində dövlət qurumları arasında sənəd və yazışma prosesləri tam elektron müstəviyə keçirilib. Hazırda dövlət qurumları arasında bütün yazışmalar yalnız elektron sistemlər üzərindən həyata keçirilir və bu proses 100 faiz elektronlaşdırılıb.

Agentlik rəhbəri qeyd edib ki, hesabat dövründə rəqəmsal sənəd dövriyyəsinin tətbiq sahəsinin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Belə ki, “mygov” platforması vasitəsilə vətəndaşlar dövlət qurumlarına rəsmi müraciət göndərə və cavab məktublarını elektron formada əldə edə bilirlər.

Eyni zamanda, rəqəmsal sənəd dövriyyəsi sisteminə biznes subyektlərinin qoşulması prosesinə start verilib. Artıq 17 ali və orta təhsil müəssisəsi, eləcə də 16 biznes qurumu bu sistemə inteqrasiya olunaraq dövlət qurumları ilə yazışmaları tam kağızsız formada həyata keçirir.

Fərid Osmanovun sözlərinə görə, indiyədək 1300-dən çox qurum rəqəmsal sənəd dövriyyəsi sisteminə qoşulub. Bu isə 31 milyondan artıq kağız səhifəsinə qənaət edilməsinə və təxminən 5700 ağacın qorunmasına imkan yaradıb.

Qeyd olunub ki, sözügedən təşəbbüs ekoloji dayanıqlığın təmin edilməsi və “yaşıl cəmiyyət”in formalaşdırılması baxımından uğurlu rəqəmsal transformasiya layihələrindən biri kimi qiymətləndirilir.

Seçilən
35
turkic.world

1Mənbələr