AZ

“İnsan amili təhsildə də, futbolda da mühümdür” İLHAM ƏHMƏDOV YAZIR

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu gün cəmiyyətdə  ən çox müzakirə edilən mövzu futbol və təhsildir. Futbol haqqında qələbədən-qələbəyə sevincli, təhsil haqqında isə hər gün kədərli müzakirələr gedir.

Mən futbolla təhsili tez-tez müqayisə edirəm. Çünki, bu müqayisə təhsildəki ağır böhranlı halı düzgün qiymətləndirməyə kömək edir.

Bu gün ən uğursuz kadr siyasəti yürüdülən sahələrdən biri də (bəlkə də birincisi) təhsil sistemidir desək, yanılmarıq.

Hər bir işdə insan amili həlledicidir. Texnoloji inkişaf, süni intellekt v.s. amillər insan amilini kölgəyə sala bilməz. Ona görə deyirlər: hər şeyi kadrlar həll edir. Bu aksioma bütün zamanlarda, bütün məkanlarda, bütün klasterlərdə doğrudur.

Təəssüf ki,  kadrların seçilib yerləşdirilməsi  problemi çox vaxt bizim ağrılı  nöqtəmiz olur. İnsan kapitalından çox danışdıqca, bu amilə daha az dəyər veririk.

Təhsildə də.

Təhsildə  kadr siyasəti kor təbii, emosiyalarla yox, təhsilin ümumi inkişaf strategiyasına, milli maraqlara xidmət etməlidir. Təhsildə kadr seçimi təhsil siyasətinə  strateji məqsədlərə uyğun olmalıdır. Əks halda seçilən kadrlar bu sahənin inkişafına, milli mənafeyə yox, şəxsi sədaqətə, qrup maraqlarına, xırda hisslərə xidmət edəcəkdir.

Bizdə heç vaxt təhsilin inkişafına dair normal strategiya və aydın hədəflər olmayıb. Ona görə də ETN 22 ildə neft kapitalını insan kapitalına çevirə bilmədi.

Bu səbəbdən hər nazir özünə ümummilli məqsədlərə xidmət edən komanda yox, şəxsi məqsədlərə uyğun “komanda” yığdı, adını da qoydu “kadr islahatı”. Amma çox vaxt daha təcrübəli və bilgili kadrlar, təcrübəsiz və bilgisiz yeniləri ilə əvəzləndi. Sonra da bu nazir başqa bir sahəyə işə keçəndə, dünən “təhsil meneceri” olanlar, komanda halında başqa sahənin biliciləri olub, ora keçdilər.

Beləcə, indi də orada yenidən “kadr islahatı”na start verilir.

Deməli, aydın hədəf yoxdursa, kadr islahatı da yoxdur.

“Qarabağ” FK-nun avroliqalardakı uğurlu  çıxışları, baş məşqçinin peşəkarlığı bir menecerin  uğur hekayəsi kimi təqdim edilə bilər.

Komandanın baş məşqçisi Qurban Qurbanov öz yerində olan azsaylı, uğurlu  kadrlardandır.

Onun peşəkarlığı ilə yanaşı müsbət şəxsi keyfiyyətləri: sadəliyi, təvazökarlığı, qayğıkeşliyi, eyni zamanda ədaləti, ciddiliyi, xarizması, tələbkarlığı ona  illər ərzində davamlı uğur qazanmaqda yardımçı  olub. Çünki, o təbii seçmə, sağlam idman mübarizəsi nəticəsində bu keyfiyyətləri qazanıb.

“Qarabağ” FK  avroliqa yarışlarında, büdcəsi onun büdcəsindən 30 dəfə çox olan klublarla eyni səviyyədə çıxış edir, qalib olur.

Deməli, öz yerində olan kadr hər  zaman ölkəyə maddi və mənəvi divident qazandırır, beynəlxalq nufuzunu artırır.  Təəssüf ki, belə nümunələrimiz  çox  azdır.

Təhsilimizin də sükanı arxasında Q. Qurbanov  kimi peşəkar, ədalətli, həssas, qayğıkeş kadr olsaydı, o da öz ətrafına konkret strategiya əsasında yaxından və uzaqdan  tanıdığı və tanımadığı peşəkarları yığsaydı, onda təhsilimiz də az büdcə ilə çox nailiyyətlər qazanardı, ölkənin beynəlxalq nüfuzu daha da artardı.

Təhsildə biz fərqli yanaşma müşahidə edirik.

Bir anlıq təsəvvür edin ki, “Qarabağ” FK-da hücüm xəttində şərabsatan menecerlər, orta xətdə şəkərsatan menecerlər, müdafiədə çaysatan menecerlər, qapıda isə gəmiçilik meneceri oynayır, bu klubun qələbəsi ola bilərdimi? Üstəlik də komandanın baş məşqçisi də futbolçu deyil, futbolu və futbolçuları sevmir, onları tez-tez nüfuzdan salmağa cəhd  edir.

Belə klub ölkə çempionatında yer tuta bilərmi?  Avroliqa oyunlarında xal qazanarmı? Heç vaxt.

Onda bəs təhsil  sistemindən niyə yüksək gözləntilərdəyik?

Bura nə qədər büdcə sərf edilsə də, belə idarəetmə və kadr siyasəti ilə heç bir nəticə olmayacaq.

İlbəil artan  büdcə ilə tədricən  çökən təhsilimizə baxıb indi narahatlıq keçiririk. Postneft erasında bizi gözləyən ciddi çətinlikləri təsəvvür etməyə çalışırıq.

Bəlkə təhsildəki davamlı tənəzzülə bir çarə tapaq?

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
icma.az

1Mənbələr