AZ

Müstəntiqin məhkəmə qərarı olmadan telefona, komputerə baxması beynəlxalq öhdəliklərə ziddir

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Müstəntiqin məhkəmə qərarı olmadan telefona, komputerə baxması beynəlxalq öhdəliklərə ziddir

Xəbər verdiyimiz kimi, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində Cinayət-Prosessual Məcəlləsinə  dəyişikliklər müzakirə olunub.

Dəyişikliklərə  əsasən, müstəntiq bəzi təxirəsalınmaz hallarda məhkəmə qərarı olmadan kompüterə, telefona, serverə və digər İKT sistemlərinə baxış keçirə və məlumatları götürə biləcək.

Əsasən şəxsiyyətə və ya dövlət hakimiyyətinə qarşı ağır və xüsusilə ağır cinayətlər üzrə, sübutların dərhal gizlədilməsi və ya məhv edilməsi riski olduqda, təxirəsalınmaz hallarda bu dəyişikliyin tətbiqi nəzərdə tutulur.

Ancaq bəzi hüquqşünaslar bunu qanunsuz hesab edir və bildirir ki, bu, ölkənin üzərinə götürdüyü öhdəliklərə də ziddir.

Tanınmış vəkil Cavad Cavadov Gununsesi.info-ya açıqlamasında bu barədə danışıb.

Onun sözlərinə görə,  Cinayət-prosessual qanunvericilikdə artıq məhkəmə qərarı ilə aparılmalı olan bəzi istintaq hərəkətlərinin təxirəsalınmaz hallarda müstəntiqin qərarı ilə icrası mexanizmləri mövcuddur:  “Təqdim olunan layihə həmin mexanizmin tətbiq dairəsini genişləndirərək elektron sübutların toplanması, eləcə də İKT sistemlərinə (telefon, kompüter, server və s.) baxış/axtarış və məlumatların götürülməsi kimi hərəkətləri də bu çərçivəyə daxil edir. Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasının iştirakçısı olduğuna görə, bu cür səlahiyyətlərdən istifadə Konvensiyanın 8-ci maddəsi baxımından klassik üçlü testə uyğun əsaslandırılmalıdır: müdaxilə qanunda nəzərdə tutulmalı, legitim məqsəd güdməli və demokratik cəmiyyətdə zəruri olmalıdır (yəni proporsional olmalı və kifayət qədər konkret əsaslandırılmalıdır). Bu meyarlara əməl edilmədikdə, şəxsi və ailə həyatına, eləcə də yazışmaların məxfiliyinə yolverilməz müdaxilə riski yaranır. Xüsusilə “qanunda nəzərdə tutulma” meyarı təkcə normanın mövcudluğu ilə məhdudlaşmır; norma aydın, proqnozlaşdırıla bilən olmalı və sui-istifadəyə qarşı real təminatlar nəzərdə tutmalıdır (“qanunun keyfiyyəti” tələbi)”.

Cavad Cavadovun sözlərinə görə, bununla yanaşı, “təxirəsalınmazlıq” anlayışı formal istinadla deyil, konkret faktlar və real risklə əsaslandırılmalıdır: “Qərarda niyə əvvəlcədən məhkəmə qərarı almağın mümkün olmadığı və sübutların gizlədilməsi və ya məhv edilməsi riskinin niyə real olduğu göstərilməlidir. Eyni zamanda, maraqlı şəxsin bu qərardan məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququ təmin edilməli, həmin nəzarət isə “sonradan avtomatik təsdiq” praktikasına çevrilməyərək real və effektiv işləməlidir; əks halda sui-istifadə ehtimalı artır”.

Firuzə Mahmudova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
icma.az

1Mənbələr