Bakı, 2 fevral, AZƏRTAC
Ötən il Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) fəaliyyəti əsasən rəqəmsal inkişaf konsepsiyasının icrasına fokuslanıb, dövlət qurumları arasında məlumat və sənəd mübadiləsinin təhlükəsiz və fasiləsiz təmin edilməsi istiqamətində birgə tədbirlər həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bunu İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda 375-dən çox dövlət qurumunun elektron sistemləri inteqrasiya olunub, sosial müdafiə və digər əsas sahələrdə məlumat bazalarının qarşılıqlı əlaqəsi təmin edilib. Fərid Osmanov bildirib ki, 2025-ci ildə 25 dövlət qurumu ilə birgə 17 Yol xəritəsi hazırlanıb.
“Güclü və mərkəzləşdirilmiş rəqəmsal infrastrukturun formalaşdırılması rəqəmsal hökumətin səmərəli fəaliyyətinin əsas şərti kimi qiymətləndirilib. “Mygov” platforması vasitəsilə vətəndaşlara 400-dən çox elektron xidmət təqdim olunur. 2025-ci ildə platformaya 38 yeni rəqəmsal xidmət və 32 alt xidmət əlavə edilib. Hazırda platformanın istifadəçilərinin sayı 2 milyonu ötüb, təkcə ötən il ərzində 1 milyondan çox yeni istifadəçi qeydiyyatdan keçib. “Mygov ID” vahid giriş sistemi hazırda əsas dövlət informasiya sistemləri ilə inteqrasiya olunub və mərkəzləşdirilmiş rəqəmsal identifikasiya mexanizmi kimi fəaliyyət göstərir. Ötən il “mygov ID” istifadəçilərinin sayı 500 mindən çox olub, platformaya yeni dövlət və özəl informasiya sistemləri inteqrasiya edilib. Rəqəmsal sənəd dövriyyəsinin tətbiqi nəticəsində dövlət qurumları arasında yazışmalar tam elektron formaya keçirilib və kağızsız hökumət konsepsiyası çərçivəsində 100 faizlik uyğunluq təmin olunub. Hazırda sistemə 1300-dən çox qurum inteqrasiya edilib, 31 milyondan artıq sənəd emal olunub. “Digital Bridge” məlumat mübadiləsi sistemi vasitəsilə isə indiyədək 2 milyarddan çox tranzaksiya həyata keçirilib ki, bunun 1 milyarddan çoxu 2025-ci ilin payına düşür”, - deyə F.Osmanov əlavə edib.
Fərid Osmanov qeyd edib ki, ötən dövrdə “mygov” platformasında 10 əsas həyat hadisəsi üzrə xidmətlər tam rəqəmsal formaya keçirilib: “Bu proses çərçivəsində dövlət qurumları ilə effektiv əməkdaşlıq mexanizmləri formalaşdırılıb, rəqəmsal identifikasiya vasitələrinin aktiv istifadəsi və yeni elektron xidmətlərin tətbiqi təmin edilib. Həyat hadisələrinin rəqəmsallaşdırılması vətəndaşların xidmətlərə çıxışını sadələşdirib, vaxt və resurs itkilərini əhəmiyyətli dərəcədə azaldıb.Həyat hadisələrinin rəqəmsallaşdırılması üzrə 10 əsas istiqamət tam elektronlaşdırılıb”.