ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Taksi fəaliyyəti ilə bağlı yeni qaydalar sürücülər arasında narazılıq yaradıb. Belə ki, Bakıda qeydiyyatdan keçən sürücülər Sumqayıtda, Sumqayıtda qeydiyyatda olanlar isə Bakıda sərnişin götürə bilmirlər. Taksi sürücüləri artıq paytaxtdan kənar istənilən bölgədə fəaliyyət göstərmək üçün həmin ərazi üzrə ayrıca buraxılış kartı almalıdırlar.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, qanuna əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımaları yalnız buraxılış kartında göstərilən ərazi hüdudlarında həyata keçirilə bilər. Həmin tələblərin pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinə əsasən, sürücülər 50 manat məbləğində cərimə oluna bilər.
Yeni qaydaların mahiyyəti nədən ibarətdir?
Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib ki, kartların ərazi üzrə paylanması və buraxılış qaydalarında ərazilərin məhdud seçilməsi müəyyən narahatlıq yarada bilər:
“Çünki ərazi üzrə çatdırılmaların bu cür tənzimlənməsi praktikada əlavə çətinliklər doğurub. Nəzərə almaq lazımdır ki, Azərbaycan əhalisi həm paytaxt daxilində, həm də kənarda aktiv həyat tərzi sürür və gündəlik hərəkətlilik geniş əraziləri əhatə edir.
Mövcud məlumatlara, xüsusilə taksi aqreqatorlarının statistik göstəricilərinə baxdıqda aydın olur ki, həm Bakıda, həm də Sumqayıtda sifarişlər müxtəlif və qarışıq istiqamətlər üzrə formalaşır. Şəhər əhalisi ərazi baxımından bərabər paylanmadığı üçün sifarişlərin də konkret rayonlarla məhdudlaşması real vəziyyətə uyğun deyil. Məsələn, Sumqayıtdan Bakıya daxil olan bir taksi sifarişi Yasamal rayonunda bitə, daha sonra isə həmin sürücüyə Pirallahı və ya Qaradağ istiqamətində yeni sifariş verilə bilər. Bu halda yalnız konkret rayon üzrə sifariş qəbul etmək öhdəliyinin qoyulması məntiqi deyil”.
Ekspert bildirib ki, əgər buraxılış kartı verilibsə və sürücü qeydiyyatdan keçibsə, o, ümumi sistem çərçivəsində fəaliyyət göstərməlidir:
“Sürücülərin ərazi üzrə seçim imkanlarının məhdudlaşdırılması sifarişlərin azalmasına, qiymətlərin artmasına və taksi çatışmazlığına səbəb olacaq. Bu baxımdan, kartların buraxılışı və tətbiq edilən prosedurlar real hərəkətlilik, bazar tələbi və vətəndaşların seçim azadlığı nəzərə alınmaqla müəyyənləşdirilməlidir”.
Ləman İmran
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.