AZ

Ötən il 72,6 min gənc işlə təmin olunub

Ötən il dövlət məşğulluq xidməti orqanları tərəfindən 125 minə yaxın gənclə iş aparılaraq, onların aktiv məşğulluq tədbirlərinə cəlb olunması təmin olunub. Onlardan 72,6 min gəncin işədüzəlməsi təmin edilib. Həmçinin gənclərin əmək bazarına inteqrasiyasında ən önəmli amillərdən biri də peşə hazırlığıdır. Nazirlik tərəfindən həyata keçirilən peşə hazırlığı gənclərin əmək fəaliyyətinə hazırlıq səviyyəsinin yüksəldilməsinə, innovativ düşüncə tərzinin və praktiki vərdişlərin inkişafına, habelə iqtisadiyyatın müxtəlif sahələri üzrə ixtisaslı kadr potensialının formalaşdırılmasına mühüm töhfə verir.

“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan Gənclərinin XI Forumunda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.

O qeyd edib ki, bu istiqamətdə 2025-ci il ərzində Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil olunan peşə hazırlığı kurslarına 9,5 min gənc cəlb olunub. Eyni zamanda, işsiz və işaxtaran şəxslərin əmək bazarının cari vəziyyəti, əmək bazarında tələbin yüksək olduğu peşə və ixtisaslar, peşə hazırlığına cəlb olunma imkanları barədə məlumatlandırılması məqsədilə nazirlik tərəfindən peşəyönümlü məsləhət xidmətləri göstərilir.

“Ötən il 40 minə yaxın gəncə məsləhət xidməti göstərilib, onların peşə maraqlarının formalaşdırılması istiqamətində işlər aparılıb. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən “Peşələr Festivalı” mühüm təşəbbüslərdən biridir. Ötən ildə keçirilən “PeşəFest 2025” marafonu ölkənin 11 şəhər və rayonunu əhatə edib, 95 min gənc əmək bazarının aktual trendləri ilə tanış olub. Özünüməşğulluq proqramı gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, onların gəlir gətirən fəaliyyətlə məşğul olmaları və sosial rifahının yüksəldilməsi baxımından mühüm alətə çevrilib. Bu proqram çərçivəsində də 2025-ci ildə 2,5 min gənc özünə kiçik təsərrüfat və biznes fəaliyyəti qurmaq imkanı əldə edib.

Eyni zamanda, gənclərin vətəndaşlara xidmət sahəsində praktiki təcrübə qazanması, fərdi inkişaf potensialının gücləndirilməsi və karyera yolunda ilkin peşə vərdişlərinin formalaşdırılması məqsədilə “Könüllü DOST” proqramı uğurla icra olunur. Nazirlik tərəfindən təkcə 2025-ci il ərzində 1600 gənc bu proqrama cəlb olunub”, - deyə nazir vurğulayıb.

Seçilən
8
3
ikisahil.az

4Mənbələr