AZ

Bakıda yazıçılara qarşı məhkəmə iddiasının perspektivi müzakirə olunur...



Elyar İslamoğlu: “AYB-nin bu bəyanatı məhkəməyə müraciət niyyəti ifadə edir, amma təkcə təşkilatın tənqid olunması hüquqi məsuliyyət yaratmır”

Azərbaycan Yazıçılar Birliyi (AYB) bir qrup şair və yazıçı barədə hüquq-mühafizə orqanlarına müraciət edəcək. Bu barədə qurumun yaydığı bəyanatda bildirilir. AYB buna səbəb kimi həmin şəxslərin təşkilatı tənqid etməsini göstərir. AYB-nun bu qurumu tənqid edən yazıçı və şairlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyi məsələsi bir neçə gündür ki, sosial şəbəkələrdə və mətbuatda müzakirə olunur. Buna müxtəlif yanaşmalar var. Müəyyən adamlar hesab edir ki, AYB bu bəyanatı sadəcə onları çəkindirmək üçün verib. Bəziləri isə əksini deyir. Bu fikirdə olanlar qeyd edir ki, qurum belə məsələrə görə indiyə qədər bir neçə şəxsi məhkəməyə verib. Bildirilir ki, AYB vaxtilə mərhum şair-dramaturq Ramiq Muxtarı, şair İlham Qərəmanı və başqa bir neçə yazarla bağlı hüquqi müstəvidə addım atılmasına nail olub.

AYB-nin verdiyi bu bəyanatın nə kimi hüquqi perspektivləri ola bilər?

Təbii ki, AYB o yazarları məhkəməyə verə, onlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Amma AYB-ni tənqid edən yazarları bu qurumun məhkəməyə verməsi perspektivi nə dərəcədədir? Məhkəmə hansısa bir şairi, yazıçını cərimələyə, cəzalandıra bilərmi?

“Tənqid və fikir bildirməyə görə belə işlərin real hüquqi perspektivi zəifdir”

Hüquqşünas Elyar İslamoğlu baki-xeber.com-a bildirdi ki, hüquqi perspektiv yalnız müəyyən hallarda yarana bilər: “AYB-nin bu bəyanatı məhkəməyə müraciət niyyəti ifadə edir, amma təkcə təşkilatın tənqid olunması hüquqi məsuliyyət yaratmır. İfadə azadlığı çərçivəsində AYB kimi ictimai nüfuzu olan bir qurum sərt və kəskin tənqidə dözməlidir.

Hüquqi perspektiv yalnız bu hallarda yarana bilər ki, AYB və ya onun nümayəndələri barədə konkret, sübut oluna bilən yalan faktlar (böhtan) yayılıbsa, şəxsi təhqir və alçaldıcı ifadələr varsa.

Bəyanatda işlədilən “əsassız məlumat”, “qarayaxma kampaniyası”, “məkrli niyyət” kimi ifadələr isə ümumi və qiymətləndirici xarakter daşıyır və özlüyündə məhkəmə üçün kifayət etmir.

Yəni AYB hüquq-mühafizə orqanlarına müraciət edə bilər, amma adi tənqid və fikir bildirməyə görə belə işlərin real hüquqi perspektivi zəifdir. Bu tip bəyanatlar daha çox təzyiq və çəkindirmə xarakteri daşıyır”.

E.İslamoğlu vurğuladı ki, Elza Seyidcahan kimi yaradıcılığı cəmiyyətdə mübahisə doğuran şəxslərə üzvlük verən bir qurum tənqidlərə daha dözümlü yanaşmalıdır.

İradə SARIYEVA

Seçilən
5
baki-xeber.com

1Mənbələr