AZ

Dövlətçilik fəlsəfəsinin əsas tərkib hissəsi

Azərbaycan Respublikasında gənclər siyasəti dövlətçilik fəlsəfəsinin mühüm tərkib hissəsidir. Bu siyasətin mərkəzində isə təhsil, bilik, intellektual inkişaf və milli-mənəvi dəyərlərə əsaslanan vətənpərvər gənc nəslin formalaşdırılması dayanır.

2 Fevral – Azərbaycan Gəncləri Günü məhz bu strateji yanaşmanın, gənclərə olan yüksək etimadın və ardıcıl dövlət qayğısının rəmzi kimi qeyd olunur. Ulu Öndər Heydər Əliyevin “Bizim xalqımızın gələcəyi gənclərdir” fikri sadəcə çağırış deyil, uzunmüddətli inkişaf strategiyasının ideoloji əsasını təşkil etmişdir. Bu strategiyanın mərkəzində isə gənclərin təhsili, elmi potensialı, dünyagörüşü və intellektual səviyyəsi dayanır. Ulu Öndər Heydər Əliyevin 1 fevral 1997-ci il tarixli Sərəncamı ilə 2 Fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi dövlət gənclər siyasətinin institusional əsaslarını formalaşdıran mühüm mərhələ oldu.

Bu qərar MDB və Şərqi Avropa məkanında ilk dəfə məhz Azərbaycanda gənclərə xüsusi bayram gününün təsis olunması ilə nəticələndi. Qeyd edilməlidir ki, Azərbaycan bu təşəbbüslə beynəlxalq ictimaiyyəti də qabaqlamışdır. Yalnız iki il sonra – 1999-cu ildə BMT Baş Məclisi 12 avqustu Beynəlxalq Gənclər Günü elan etdi. Bu fakt Azərbaycanın gənclər siyasətində qabaqcıl və innovativ yanaşmasının göstəricisidir. Ulu Öndər Heydər Əliyevin gənclər siyasətində təhsil məsələsi həmişə prioritet istiqamət olub. Onun rəhbərliyi dövründə təhsil yalnız bilik əldə etmə vasitəsi deyil, dövlət quruculuğunun, milli təhlükəsizliyin və gələcək inkişafın əsas dayağı kimi qiymətləndirilib. 1970–80-ci illərdə əsası qoyulmuş xaricdə təhsil ənənəsi Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra da davam etdirildi.

Gənclərin dünyanın qabaqcıl universitetlərinə göndərilməsi dövlət səviyyəsində dəstəkləndi. 2003-cü ildə artıq 40-a yaxın ölkədə 160-dan çox ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Bu, postsovet məkanında nadir göstəricilərdən biri idi. Təkcə Türkiyədə dövlət hesabına oxuyan 700 azərbaycanlı tələbə üçün ayrılan illik vəsait Ulu Öndər Heydər Əliyevin təhsilə verdiyi önəmin bariz nümunəsi idi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərən gənclərlə şəxsən görüşlər keçirilməsi və onlara Prezident təqaüdünün verilməsi təhsilin sosial nüfuzunu yüksəltmiş, bilik və zəhmətin dövlət tərəfindən dəyərləndirildiyini göstərmişdir. 1996-cı il 22 iyun tarixli Fərmanla təsis edilmiş “Qızıl kitab” layihəsi gənc istedadlara sistemli dövlət qayğısının mühüm mexanizmi idi. Elm, mədəniyyət, incəsənət və digər sahələrdə fərqlənən gənclərin dövlət səviyyəsində tanınması onların gələcək inkişafına güclü stimul verdi. Bu təşəbbüs Azərbaycan gəncliyində intellektual rəqabət mühitinin formalaşmasına və təhsilə marağın artmasına səbəb oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər siyasəti keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Dövlət başçısının gənclərlə bağlı siyasətinin əsas mahiyyəti onların bilikli, rəqabətqabiliyyətli, müasir dünyagörüşlü və vətənpərvər kadrlar kimi formalaşdırılmasından ibarətdir.

Prezident İlham Əliyevin sözləri ilə desək: “Gənclər öz bilikləri, savadları və peşəkarlıqları ilə Azərbaycanın gələcəyini qurmalıdırlar.” “Qara qızılın insan kapitalına çevrilməsi” strategiyası çərçivəsində həyata keçirilən dövlət proqramları Azərbaycan gəncliyinin intellektual potensialının artırılmasına yönəlmişdir. Bu proqramlar nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq imkanı əldə etmişdir. Dövlət tərəfindən bu məqsədlə 200 milyon manatdan artıq vəsait ayrılmışdır. 2022-ci il 28 fevral tarixli Sərəncamla təsdiq edilmiş yeni Dövlət Proqramı təhsilin davamlı inkişafına xidmət edir. Proqram çərçivəsində hər il 500 nəfərə qədər gəncin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması nəzərdə tutulur. 2026–2027-ci tədris ili üçün təsdiqlənmiş siyahıya əsasən, 15 prioritet ixtisas istiqaməti üzrə 33 ölkənin 231 nüfuzlu universitetində 4121 proqram gənclərin ixtiyarına verilib.

Bu, Azərbaycan gənclərinin qlobal elmi məkana inteqrasiyasının geniş miqyas aldığını göstərir. 2018-ci ildən fəaliyyət göstərən GİKM-lər gənclərin peşə bacarıqlarının artırılması, karyera planlaması və əmək bazarına inteqrasiyası baxımından mühüm rol oynayır. Hazırda 11 regional nümayəndəlik və 44 bölmə ölkə üzrə gəncləri əhatə edir. Bu mərkəzlər təhsilin real iqtisadiyyatla əlaqələndirilməsində mühüm körpü rolunu oynayır. Son illərdə gənclərin elmi-tədqiqat fəaliyyətinə cəlb edilməsi xüsusi diqqət mərkəzindədir. Respublika elmi konfransları, startap təşəbbüsləri, innovasiya layihələri gənclərin yaradıcılıq potensialını üzə çıxarır. 2025-ci ildə keçirilmiş elmi konfranslar və layihələrdə minlərlə gəncin iştirakı bilik cəmiyyətinin formalaşmasına xidmət etmişdir. Təhsil yalnız akademik bilik deyil, həm də vətəndaşlıq mövqeyinin formalaşmasıdır. Bu baxımdan gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi təhsil siyasətinin ayrılmaz hissəsidir. Vətən müharibəsində qəhrəmanlıq göstərən gənclər məhz bu siyasətin yetirmələridir. Beləliklə, 2 Fevral – Azərbaycan Gəncləri Günü Azərbaycan dövlətinin gənclərə, xüsusilə də onların təhsilinə verdiyi yüksək dəyərin rəmzidir. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi təhsil əsaslı gənclər siyasəti Azərbaycanın güclü, müasir və rəqabətqabiliyyətli dövlət kimi inkişafını təmin edən əsas faktorlardandır. Azərbaycan gəncliyi bu gün biliklə silahlanmış, sabaha inamla baxan və dövlətinə sadiq bir nəsildir.

Milli Məclisin Deputatı
Şahin Seyidzadə

Seçilən
8
sabahinfo.az

1Mənbələr