AZ

İRİA: Dövlət qurumları arasında yazışmalar tam elektronlaşdırılıb

Ötən il “mygov” istifadəçilərinin sayı artıq 5 milyon nəfəri keçib və gündəlik əsasda müvafiq platforma vasitəsilə istifadəçilər digər informasiya sistemlərinə və resurslarına keçid edə bilir.

APA-Economics” xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) illik fəaliyyətinə dair mətbuat konfransında İRİA-nın İdarə heyətinin sədri Fərid Osmanov deyib.

O qeyd edib ki, “mygov” vasitəsilə istifadəçilərin şifrələrinin və istifadəçi adlarının təhlükəsizliyinin təmin edilməsi diqqətdə saxlanılıb və həmin şifrələrin qorunması üçün vətəndaşlara iki faktorlu autentifikasiya alətləri də müvafiq kanallara inteqrasiya edilib.

F. Osmanov deyib ki, rəqəmsal və kağızsız hökumət konsepsiyası çərçivəsində dövlət qurumları arasında kağızsız proseslərin tam rəqəmsal formada ölkəmizdə həyata keçirilməsini təmin edilir:

“Artıq dövlət qurumları arasında yazışmalar tam müvafiq sistem vasitəsilə təmin olunur və tam olaraq 100% elektron formada həyata keçirilir.

Qeyd etmək lazımdır ki, hesabat dövründə məhz rəqəmsal sənəd dövriyyəsinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində aktiv işlər həyata keçirilib. Bugün “mygov”platformasına inteqrasiya edilərək vətəndaşların dövlət qurumlarına rəsmi məktub göndərilməsi və müvafiq cavab məktublarının əldə edilməsi təmin edilib və eyni zamanda rəqəmsal sənəd dövriyyəsi sistemi vasitəsilə biznes subyektlərinin də inteqrasiyası prosesinə başlanılıb ki, ötən dövrdə artıq 17 universitet və təhsil ocağı və eyni zamanda 16 biznes subyekti artıq rəqəmsal sənəd dövriyyəsinə inteqrasiya edərək dövlət qurumları ilə yazışmaları tam kağızsız formata keçirib”.

O bildirib ki, ötən dövr ərzində rəqəmsal sənəd dövriyyəsinə 1300-dən artıq qurum inteqrasiya edilib, 31 milyondan çox səhifəyə qənaət olunub və bu ümumilikdə 5700 ağaca qənaət edilməsi anlamına gəlir və bu texnologiya məhz eyni zamanda yaşıl cəmiyyətin qorunması istiqamətində aparılan uğurlu layihələrdən biridir.

Seçilən
21
2
apa.az

3Mənbələr