AZ

İsveç polisi 13 yaşlı uşaqların həbs olunmasına qarşıdır

Stokholm, 2 fevral, Nərgiz Cəfərli, AZƏRTAC

İsveç polisi hökumətin cinayət məsuliyyəti yaşını 13-ə endirmək və bu yaşda olan yeniyetmələrin həbs cəzasına məhkum edilməsinə icazə vermək təklifini rədd edib.

AZƏRTAC-ın məlumatına görə, polis belə bir tədbirin cinayətkar qrupların daha kiçik uşaqları da cəlb etməsinə səbəb ola biləcəyinə inanır.

Milli Polis Departamentinin rəis müavini Stefan Hektor vəziyyəti dilemma adlandırıb və heç bir sağlam düşüncəli insanın 13 yaşlı uşaqları həbsxanada görmək istəmədiyini, lakin cəmiyyətin zorakı cinayətlərdən qorunmağa ehtiyacı olduğunu vurğulayıb.

O, cinayətkarlığın daha gənc yaşda olan insanlar arasında yayılması riskinin polisin mənfi mövqeyinin əsas səbəblərindən biri olduğunu bildirib. Hökumətin təklifi prokurorluq və penitensiar xidmət də daxil olmaqla digər qurumların da tənqidinə səbəb olub.

Baş nazir Ulf Kristersson isə bildirib ki, hökumət təklif olunan tədbirlərin mürəkkəbliyinə və qeyri-müəyyənliyinə baxmayaraq, qrup şəklində zorakılığının artması ilə qətiyyətlə mübarizə aparmaq niyyətindədir.

Bu mövzu təxminən 13 min nəfərin qatıldığı qrup şəklində zorakılığa və uşaqların cəlb olunmasına qarşı kütləvi nümayişin mərkəzində olub. Tədbirdə siyasətçilər, hökumət rəsmiləri və qurbanların qohumları çıxış ediblər. Onlar uşaqların və yeniyetmələrin cinayətkarlığa cəlb olunmasının qarşısını almaq üçün daha böyük ictimai məsuliyyətə və profilaktik tədbirlərin təkmilləşdirilməsinə ehtiyac olduğunu bildiriblər.

“Qonşularınızı ziyarət edin. Uşaqlarınızın dostlarını, xüsusən də çətinlik çəkənləri tanıyın, onları evə dəvət edin. Həmişə uğursuz valideynlər olacaq və bu tədbirlər ictimai müdafiə sisteminin işləməsi üçün xüsusilə vacibdir”, - deyə təsadüfi atışmada həlak olan şəxsin anası bildirib.

Seçilən
17
1
azertag.az

2Mənbələr