AZ

ABŞ İrana zərbə endirməzdən əvvəl Yaxın Şərqdə HHM-ni gücləndirir

ABŞ mümkün İran cavab zərbələrinə hazırlaşaraq Yaxın Şərqdə hava hücumundan müdafiə (HHM) sistemlərini gücləndirir. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanə “The Wall Street Journal” nəşri amerikalı rəsmilərə istinadla yayıb.
 

Məlumata görə, regiona USS Abraham Lincoln aviadaşıyıcı zərbə qrupu göndərilib, həmçinin F-35 və F-15E qırıcıları potensial döyüş zonasına daha yaxın mövqelərə yerləşdirilir. Bununla belə, Vaşinqtonda İrana qarşı güc tətbiqi ilə bağlı hələ yekun qərarın verilmədiyi bildirilir.


WSJ yazır ki, ABŞ Prezidenti Donald Tramp hələlik hərbi əməliyyatın olub-olmayacağı və hansı formada aparılacağı barədə qərar verməyib. Amerikalı rəsmilərin sözlərinə görə, ABŞ-ın İrana aviazərbələri qaçılmaz sayılmır. Pentaqon isə İranın mümkün cavab hücumu və uzunmüddətli münaqişə ehtimalı fonunda İsrailin, ərəb müttəfiqlərinin və ABŞ qüvvələrinin müdafiəsini gücləndirməyə üstünlük verir.

Rəsmilər istisna etmirlər ki, Trampın göstərişi olarsa, ABŞ məhdudmiqyaslı aviazərbələr endirə bilər. Lakin Tehranın simmetrik cavab verəcəyi gözlənildiyindən əsas diqqət raketəleyhinə müdafiənin gücləndirilməsinə yönəlib.

Bu məqsədlə ABŞ İordaniya, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı və Qətərdəki hərbi bazalarda əlavə THAAD batareyası və Patriot HHM kompleksləri yerləşdirir.

Bundan başqa, regionda artıq ballistik raketləri və pilotsuz uçuş aparatlarını ələ keçirmə imkanına malik ABŞ esminesləri mövcuddur. Gəmilərin bir hissəsi Hörmüz boğazı, Ərəb dənizi, Qırmızı dəniz və Aralıq dənizinin şərqi hissəsində patrul xidməti aparır.

Qeyd olunur ki, Tramp köməkçilərindən uzunmüddətli müharibəyə çevrilməyəcək hərbi əməliyyat variantları təqdim etməyi istəyib. Müzakirə olunan ssenarilər arasında İranın nüvə proqramı obyektlərinə zərbələr, ballistik raket arsenalının məhv edilməsi, hakimiyyətin devrilməsinə yönəlmiş əməliyyatlar və ya bu variantların kombinasiyası yer alır.

Bizim.Media

Seçilən
11
bizim.media

1Mənbələr