ABŞ-da yetkinlik yaşına çatmayan qızlara cinsi istismar və fahişəlik şəbəkəsi idarə etməkdə ittihamlanaraq həbsxanada ölən milyarder Ceffri Epşteynlə bağlı yeni sənədlər Rusiya prezidenti Vladimir Putinin potensial varisi ilə bağlı müzakirələri ortaya qoyur. Sənədlərdə Putinin adı ABŞ baş prokurorunun müavini Todd Blanşın Epşteyn istintaqı ilə bağlı 3 milyondan çox yeni sənədin açıqlandığını elan etməsindən sonra çəkilib.
Hafta.az yazır ki. 11 yanvar 2012-ci il tarixli sənəddə iddia olunur ki, o vaxt Dövlət Dumasının (parlamentin aşağı palatası) üzvü olan İlya Ponomaryev prezidentə qarşı üsyanın əsas təşkilatçılarından biri olub. Sənəddə deyilir ki, "Əgər o öldürülməsə, gec-tez Putinin yerini tutaraq prezident ola bilər".
Rusiya mediasının məlumatına görə, Ponomaryev 2016-cı ilin iyun ayında Ukraynada yaşayış icazəsi alıb və 2019-cu ildə Ukrayna vətəndaşı olub. Ponomaryevin Rusiyada məhkəmə iddiaları davam edir.
Bu arada, sənədlərdə Ukrayna prezidenti Volodimir Zelenskinin də adı qeyd olunur. Epşteynin 2019-cu ildə aldığı elektron poçtlardan birində deyilirdi: "Zelenski kömək istəyir. Putin təvazökarlıqla davranaraq Zelenskinin israillilər tərəfindən idarə olunduğunu deyir".
18 yaşından kiçik, ən kiçiyi 14 yaşında olan onlarla qıza cinsi istismar etməkdə və fahişəlik şəbəkəsi idarə etməkdə ittihamlanan Epşteyn 10 avqust 2019-cu ildə Nyu-York Manhetten Metropolitan Mərkəzi Həbsxanasındakı kamerasında ölü tapılıb. Açıqlanan Epşteynin işi sənədlərində ABŞ prezidenti Donald Tramp, ABŞ-ın keçmiş prezidenti Bill Klinton, İsrailin keçmiş baş naziri Ehud Barak, ABŞ-ın keçmiş vitse-prezidenti Al Qor, aktyor Kevin Speysi, müğənni Maykl Cekson, illüzionist Devid Kopperfild, vəkil Alan Derşovitz və Nyu Meksiko ştatının keçmiş qubernatoru Bill Riçardson kimi məşhur şəxslərin adları var. ABŞ Federal Təhqiqat Bürosu (FTB) Ədliyyə Nazirliyi ilə apardığı araşdırmadan sonra məşhur adların yer aldığı "müştəri siyahısı"na dair heç bir dəlil tapmadıqlarını və hökumət rəsmiləri, məşhurlar və iş adamları ilə bağlı cinayətlərdə iştirakının ört-basdır edilməsi məqsədilə öldürüldüyü iddia edilən Epşteynin əslində öz kamerasında intihar etdiyini açıqlayıb.