AZ

Azərbaycan Beynəlxalq Nəqliyyat Forumunun tədbirində təmsil olunub - FOTOLAR

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilmiş Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Korporativ Tərəfdaşlıq Şurası Həftəsində təmsil olunub.

Missiya.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, tədbirin açılış tədbirində çıxış edən BNF-nin Baş katibi Yunq Ta Kim dayanıqlı nəqliyyat sistemlərinin formalaşmasında tərəfdaşlığın həlledici rolundan danışıb, Azərbaycanın Foruma prezidentliyi dövründə daha yaxşı əlaqələndirilmiş dünyaya töhfə vermək istədiyini yüksək qiymətləndirib.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva ölkəmizin BNF-yə prezidentliyi çərçivəsində mühüm təşəbbüslərlə çıxış etdiyini vurğulayıb. O, bildirib ki, rəqəmsal bağlantı və şəhər nəqliyyatının inkişafı üzrə siyasət tövsiyəsi hazırlanıb, qlobal platformalarda fəal iştirak təmin olunur, həmçinin prezidentliyin BNF tədqiqat platformalarına töhfəsi artır.

Nazirliyinin Parisə ezam olunan nümayəndəsi Əliş İsmayılov qeyd edib ki, müasir dövrdə dayanıqlı nəqliyyat həm infrastruktura, həm də idarəetmə, koordinasiya, məlumat və etimada əsaslanır. O, ölkəmizdə nəqliyyatın ayrı-ayrı növlərinin koordinasiyalı fəaliyyətindən də danışıb, Nəqliyyatı Əlaqələndirmə və Tranzit Yükdaşımalar üzrə Koordinasiya şuralarının, "AZCON Holding"in yaradılmasının bu baxımdan mühüm mexanizm olduğunu vurğulayıb.

Azərbaycan həmçinin "Dayanıqlı nəqliyyatın idarə edilməsi" adlı paneldə təmsil olunub. Korporativ Tərəfdaşlıq Şurası Həftəsində fəal iştirak ölkəmizin nəqliyyatın gələcəyi üçün dialoq və əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu bir daha nümayiş etdirir.

Seçilən
23
6
missiya.az

10Mənbələr