Yaponiya şirkətlərinin 75 faizi gündəlik fəaliyyətlərində süni intellekt texnologiyalarından istifadə edir.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, cəmi beş il əvvəl bu göstərici 11 faiz təşkil edirdi. Hazırda isə iri şirkətlərin 89 faizi gündəlik əməliyyatlarında süni intellektdən yararlanır. Avtomobil sənayesi və ictimai iaşə sektorunda bu göstərici 90 faizə çatır.
Məlumata görə, süni intellekt texnologiyalarından ən çox sənəd hazırlanması, məlumatların axtarışı və toplanması, eləcə də texniki inkişaf sahələrində istifadə olunur. Xüsusilə çatbotların tətbiqi telefon xidmətlərində iş yükünü əhəmiyyətli dərəcədə azaldır, e-poçt yazışmalarında süni intellektdən istifadə isə onlarla iş saatına qənaət etməyə imkan verir.
Bununla yanaşı, Yaponiya şirkətləri süni intellekt sahəsində zəruri bacarıqlara malik mütəxəssislərin çatışmazlığından və bu texnologiyaların istifadəsi zamanı məlumat sızıntısı riskindən narahat olduqlarını bildirirlər.
Qeyd edək ki, yanvarın 31-də ABŞ-də ənənəvi müəllimlər əvəzinə süni intellekt botlarının dərs keçdiyi “Alpha School” adlı özəl məktəblər şəbəkəsinin fəaliyyətə başladığı bildirilib.
//Gülnarə Abasova, Editor.az