Həkim-terapevt Günel Mədinəyevanın SİA-ya verdiyi müsahibəni təqdim edirik:
- Ən çox hansı şikayətlərlə terapevtə müraciət olunur və bu müraciətlər mövsümə görə dəyişirmi?
-Terapevtə müraciətlərin böyük hissəsini ümumi halsızlıq, tez yorulma, baş və başgicəllənmə ağrıları, arterial təzyiqin dəyişkənliyi, öskürək, hərarət, mədə-bağırsaq sistemi ilə bağlı narahatlıqlar və oynaq-əzələ ağrıları təşkil edir. Bu müraciətlər mövsümi xarakter daşıyır. Payız-qış aylarında virus infeksiyaları, bronxit və pnevmoniya kimi tənəffüs yolu xəstəlikləri artır. Yaz aylarında allergik reaksiyalar və vitamin çatışmazlıqları, yay aylarında isə susuzlaşma, günvurma və təzyiq dalğalanmaları daha çox qeydə alınır.
- İnsanlar hansı hallarda ailə həkiminə və ya terapevtə getməyi gecikdirir? Bu gecikmənin riskləri nələrdir?
- İnsanlar əksər hallarda simptomları ciddiyə almadıqda, “öz-özünə keçər” düşüncəsi ilə və ya vaxt azlığını bəhanə edərək həkimə müraciəti təxirə salırlar. Bəzi hallarda isə özbaşına dərman qəbulu ilə vəziyyəti idarə etməyə çalışırlar. Bu gecikmə xəstəliyin erkən mərhələdə aşkarlanmasının qarşısını alır, ağırlaşmalara, xroniki formaya keçməyə və müalicənin daha uzun və çətin olmasına səbəb olur.
-“Sadə halsızlıq” və ya “yorğunluq” arxasında hansı ciddi xəstəliklər gizlənə bilər?
- Davamlı və səbəbsiz halsızlıq bəzən ciddi xəstəliklərin ilkin əlaməti ola bilər. Bunlara dəmir çatışmazlığı anemiyası, qalxanabənzər vəzin funksional pozğunluqları, şəkərli diabet, ürək çatışmazlığı, xroniki infeksiyalar, depressiya və bəzi hallarda onkoloji xəstəliklər daxildir. Bu səbəbdən uzunmüddətli yorğunluq mütləq həkim nəzarətində araşdırılmalıdır
- Qan analizlərində ən çox rast gəlinən problemlər hansılardır və onların əsas səbəbi nə olur?
- Qan analizlərində ən çox dəmir və B12 vitamini çatışmazlığı, xolesterin və trigliseridlərin yüksəkliyi, qan şəkərinin normadan kənara çıxması və iltihabi göstəricilərin artması müşahidə olunur. Bu problemlərin əsas səbəbləri qeyri-düzgün qidalanma, fast-food vərdişləri, az fiziki aktivlik, stress, hormonal dəyişikliklər və irsi amillərdir.
- Yüksək təzyiq və şəkər xəstəliyi gənclər
arasında niyə artmaqdadır?
- Müasir həyat tərzi bu xəstəliklərin gənclər arasında artmasında mühüm rol oynayır. Fast-food qidalanma, fiziki passivlik, artıq çəki, xroniki stress və yuxu rejiminin pozulması bu xəstəliklərin gənclər arasında artmasının əsas səbəbləridir.Oturaq həyat tərzi, texnologiyadan həddindən artıq istifadə, balanssız qidalanma, artıq çəki, xroniki stress və yuxu çatışmazlığı hipertoniya və şəkərli diabetin daha erkən yaşlarda meydana çıxmasına səbəb olur.
- Özbaşına dərman qəbulu nə kimi fəsadlara yol aça bilər? Ən təhlükəli yanlışlar hansılardır?
- Özbaşına dərman qəbulu allergik reaksiyalar, qaraciyər və böyrək zədələnməsi, dərman asılılığı və yanlış diaqnozun gizlədilməsi kimi fəsadlara yol aça bilər. Xüsusilə antibiotiklərin və ağrıkəsicilərin nəzarətsiz qəbulu təhlükəlidir.
- Antibiotiklərin həkim məsləhəti olmadan istifadəsi orqanizmə necə təsir edir?
-Antibiotiklərin düzgün istifadə edilməməsi bağırsaq mikroflorasını pozur, immun sistemini zəiflədir və antibiotiklərə davamlı bakteriyaların yaranmasına səbəb olur. Nəticədə gələcəkdə infeksiyaların müalicəsi daha çətinləşir.
- Stress və yuxusuzluq daxili orqanların fəaliyyətinə necə təsir göstərir?
- Xroniki stress və yuxusuzluq ürək-damar sistemi, həzm sistemi və hormonal balans üzərində mənfi təsir göstərir, immuniteti zəiflədir və psixosomatik xəstəliklərə yol aça bilər.
- İmmuniteti zəif salan gündəlik vərdişlər hansılardır?
- Qeyri-sağlam qidalanma, vitamin-mineral çatışmazlığı, siqaret və alkoqol istifadəsi, fiziki passivlik, davamlı stress və yuxusuzluq immun sisteminin zəifləməsinə səbəb olan əsas gündəlik vərdişlərdir.
- Profilaktik müayinələr hansı yaşdan və nə qədər tez-tez aparılmalıdır?
- Profilaktik müayinələr yetkinlik yaşına çatdıqdan sonra, yəni 18 yaşdan etibarən ildə ən azı bir dəfə aparılmalıdır. 40 yaşdan sonra isə ürək-damar xəstəlikləri, şəkərli diabet və onkoloji xəstəliklərin erkən aşkarlanması üçün müayinələr daha mütəmadi keçirilməlidir.
- Xroniki xəstəlikləri olan şəxslər mövsüm keçidlərində nələrə diqqət etməlidir?
- Mövsüm keçidlərində dərman dozalarının tənzimlənməsi, qidalanma rejiminin dəyişdirilməsi, immunitetin gücləndirilməsi və infeksiyalardan qorunma xüsusi əhəmiyyət daşıyır. Həkim nəzarəti bu dövrlərdə xüsusilə vacibdir.
- Qida rasionu ilə ümumi sağlamlıq arasında əlaqə nə dərəcədə güclüdür?
- Qida rasionu sağlamlığın əsas təməlini təşkil edir. Düzgün və balanslı qidalanma orqanizmin enerji balansını qoruyur, immuniteti gücləndirir və bir çox xroniki xəstəliklərin qarşısını alır.
- Hərarət, öskürək və halsızlıq hallarında ev şəraitində nə vaxtadək gözləmək olar?
- Əgər simptomlar yüngüldürsə, 2–3 gün müşahidə etmək olar. Lakin hərarət yüksəkdirsə, tənəffüs çətinliyi, güclü halsızlıq və ya vəziyyətin pisləşməsi müşahidə olunarsa, dərhal həkimə müraciət edilməlidir.
- Terapevt baxışı ilə “sağlam insan” anlayışı nədir?
- Terapevt üçün sağlam insan yalnız xəstəliksiz deyil, eyni zamanda fiziki, psixoloji və sosial baxımdan harmoniyada olan, həyat keyfiyyəti yüksək olan şəxsdir.
- Cəmiyyətdə sağlamlıqla bağlı ən təhlükəli yanlış inanc hansıdır?
- Ən təhlükəli yanlış inanc xəstəliyin yalnız ağrı ilə özünü göstərdiyini düşünməkdir. Bir çox ciddi xəstəliklər uzun müddət heç bir əlamət vermədən inkişaf edə bilər və artığ gec ola bilər.
Ayşən Vəli